SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
*art_name1
Lisenziyadan başlayan problemlər
Bəkir Nərimanoğlu - Contact.az
30 yanvar 2014. Qanunvericilik lisenziya üçün qaydalarda nəzərdə tutulandan əlavə sənədlərin alınmasını qadağan etsə də, lisenziyalaşdırma və icazələrin verilməsi prosesi region ölkələri ilə müqayisədə çox uzundur. Müraciətçi lisenziyanın qüvvədə olduğu müddətdə onun əlavəsində göstərilməyən işlər və xidmətlərlə məşğul olmaq üçün yenidən müraciət etdikdə fəaliyyət növünə lisenziya verilməsinə görə nəzərdə tutulan dövlət rüsumunun 50 faizini ödəyir..

Bəzi fəaliyyət sahələrinə lisenziyaların verilməsini tənzimləmək məqsədilə 2002-ci ildə imzalanmış prezident fərmanı Azərbaycanda lisenziyalaşdırma sahəsində əsas islahat hesab edilə bilər. Həmin sənədlə həm lisenziyaların müddətləri uzadıldı, həm də lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayı bir xeyli azaldıldı. Ancaq 2002-2012-ci illərdə hökumət tədricən lisenziyalaşdırılan fəaliyyət sahələrinin sayını artırdı. Buna paralel olaraq da lisenziyalaşdırma ölkədə xüsusən kiçik və orta sahibkarlıq subyektləri qarşısında bürokratik əngəllərdən birinə çevrilməyə başladı.

Lisenziyaların verilməsi prosesinin uzunluğu, səbəb göstərilmədən lisenziya verilməsindən imtina, korrupsiya riski və resurs itkisi bu sahədə sahibkarların şikayətləndiyi əsas məsələlərdir. Azərbaycanda kiçik və orta sahibkarlıq da daxil olmaqla özəl sektorun fəaliyyətinin dövlət tərəfindən tənzimlənən aspektlərində, konkret olaraq biznesin qeydiyyatı və yoxlamaları əhatə edən islahatlarla müqayisədə lisenziyalaşdırma sahəsində son 10 ildə islahatlar çox ləng gedib. Halbuki lisenziyalaşdırma sahəsindəki islahatlar müəssisələrin satış həcminin, innovasiya səviyyəsinin və hətta məhsuldarlığın artımına təsir etmək imkanına sahibdir. Hesablamalar göstərir ki, lisenziya sahəsi üzrə islahatlar Azərbaycanda özəl sektorun ildə milyonlarla manat vəsaitə qənaət etməsinə şərait yarada bilər. Bundan sonrakı mərhələdə ölkə üçün lisenziyalaşdırma sisteminin islahatlarında hüquqi və institusional dəyişikliklərlə yanaşı daha bir mühüm istiqamət inzibati sadələşdirmə ola bilər ki, bu da lisenziya əldə etməyin xərcini və bu prosesdəki vaxt itkisini müəyyən qədər azaltmağa yönələ bilər.

2013-cü ildə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəklədiyi "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində 1000 kiçik sahibkar arasında Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi sorğu aparıb. Sorğuda iştirak edən sahibkarların 44,5% və ya 151 respondent lisenziya alarkən müəyyən çətinliklərlə üzləşdiyini qeyd edib.

Lisenziya alarkən çətinliklərlə üzləşmiş respondentlərin 29,0 faizi və ya 106 respondent əsas çətinlik kimi süründürməçiliyi qeyd ediblər. Respondentlərin daha 21,6 faizi və ya 79 respondent lisenziyanın fəaliyyət müddətinin qısa olmasından narazılıq bildiriblər. 16,4 faiz və ya 60 respondent lisenziya almaq üçün müxtəlif dövlət qurumlarından arayış xarakterli sənədlərin toplanması, 13,9 faiz və ya 57 respondent lisenziyanın alınması üçün çox vaxtın sərf olunması, 13,4 faiz və ya 49 respondent lisenziya haqqının yuxarı olması cavab variantlarını seçib. Nəhayət, 5,7 faiz və ya 21 respondent qaydaların birmənalı və aydın olmadığından şikayətlənib.

Sahibkarlar fəaliyyəti üçün lisenziya və ya hər hansı icazə almağın rüşvətsiz mümkündürmü sualına belə cavab veriblər: "Sualı cavablandırmış respondentlərin mütləq əksəriyyəti (66,2 faiz və ya 100 respondent) rüşvətsiz lisenziya almağın asan olmadığını qeyd ediblər. 27,2 faiz və ya 41 respondent bunun mümkün olmadığını vurğulamışdır. Yalnız 6,6 faiz və ya 10 respondent rüşvətsiz lisenziya almaq mümkün olduğunu bildirib".

İmtina qanunvericilikdə açıq göstərilmir

Ümumi müddəalar bundan ibarətdir: "Ərizəçiyə lisenziya verilməsindən imtina edildikdə bu barədə ona imtinanın səbəbləri göstərilməklə beş gün müddətində yazılı məlumat verilir. Lisenziyanın verilməsindən yalnız qanunla nəzərdə tutulmuş hallarda imtina oluna bilər və bu imtinadan inzibati qaydada məhkəməyə şikayət verilə bilər. Lisenziyanın verilməsindən imtina edilmədikdə ərizəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödəndiyini təsdiqləyən sənəd təqdim edir".

İqtisadçı ekspert Kənan Aslanlı deyir ki, burada qeyd edilən "yalnız qanunla nəzərdə tutulmuş hallarda" ifadəsi ilə nəyin nəzərdə tutulduğu hüquqi baxımdan aydınlaşdırılmalıdır.

 

Müddətlər uzadıla, müddətsiz lisenziyaların sayı artırıla bilər

Alkoqollu içkilərin və etil spirtinin istehsalı (3 il) və idxalı (1 il) istisna olunmaqla lisenziya 5 il müddətinə verilir. Lisenziya müddətinin uzadılması lisenziyanın mövcudluğunu təsdiqləyən sənədin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir. Kənan Aslanlı deyir ki, əslində tətbiq edilən bir sıra lisenziyaların məhz kiçik və orta sahibkarlıq subyektlərinə yönəlik olması nəzərə alınaraq bu kateqoriyadan olan şirkətlərə və ya fiziki şəxslərə lisenziyaların müddəti, dövlət rüsumu və verilmə qaydaları baxımından güzəştlər edilə bilər.

Əlavə lisenziyalaşdırma tələbləri mürəkkəbdir

Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli qərarı ilə təsdiq edilən "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" qərarında 49 fəaliyyət növü üzrə lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər öz əksini tapıb. Kənan Aslanlının fikrincə, burada daha strateji hesab oluna biləcək sahələrdə lisenziyalaşdırma tələbləri daha sərt və mürəkkəbdir: "Nümunə kimi "rabitə xidmətlərinə, radiotrank və simsiz telefon, ölkədaxili telekommunikasiya kanallarının təşkili, beynəlxalq telekommunikasiya kanallarının təşkili, İP-telefoniya, məlumatların ötürülməsi (data), sürətli poçt, 3-cü nəsil (3G) mobil rabitə fəaliyyətinin təşkili zamanı lisenziya verilməsi üçün tələb olunan şərtlər"i göstərə bilərik. Burada əlaqədar qurum olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziya almaq üçün Milli Təhlükəsizlik Nazirliyinin zəmanəti və Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi də daxil olmaqla 12 müxtəlif sənəd və ya məlumat tələb olunur.

Ancaq tələb olunan sənədlərin çoxluğu və prosedurların mürəkkəbliyi bəzi hallarda həmin sahədə lisenziya verilməsi prosesini daha çətin və subyektiv maraqlara həssas şəklə gətirir. Dolayısı ilə lisenziya və ya icazələrin verilməsi bir çox hallarda zəif institusional mühit fonunda sahibkarlıq subyektləri və müraciətçilərə qarşı haqsız rəqabət faktoru kimi də çıxış edə bilər. Bəzən dövlət qurumları yeni lisenziyalara əlavə maliyyələşmə mənbəyi və korrupsiya mexanizmi kimi baxır. Odur ki, yeni lisenziyaların tətbiqində və mövcud lisenziyalaşdırma prosedurlarının mürəkkəbliyində bürokratiya daim maraqlı ola bilər".

Mümkün islahatların istiqamətləri

Kənan Aslanlının fikrincə, Azərbaycan üçün lisenziyalaşdırma sahəsində mümkün islahatların mühüm istiqamətlərindən biri bütün növ icazə və lisenziyalaşdırma fəaliyyətlərinin meyarlarını və prosedurlarını özündə əks etdirən normativ-hüquqi aktın qəbul edilməsi ola bilər: "Lisenziya almaq üçün ödənən vəsaitlərin adambaşına düşən milli gəlir norması əsasında yenidən tənzimlənməsi və lisenziya müddətlərinin bəzi istisnalarla daha da uzadılması, lisenziyalaşdırma prosesində iddialının həmin xidməti və ya istehsalı həyata keçirmək üçün yalnız minimum tələblərə cavab verməsinin şərt kimi qoyulması, yeni yaranan müəssisələr və ya xüsusi ekoloji standart tələb olunmayan "start-up"larla bağlı müraciətlər zamanı qanunvericilikdə nəzərdə tutulan müddətdə inzibati orqandan cavab olmadıqda lisenziyanın avtomatik verilmiş hesab edilməsi xüsusi önəm daşıyır".

Lisenziyalaşdırma sahəsində islahatların effektinə gəldikdə isə ekspert deyir ki, bu cür islahatların satış həcminin artımına 5 faiz, innovasiya səviyyəsinin artımına 5 faiz, məhsuldarlığın artımına isə 22-30 faizlik müsbət təsir imkanı olur. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) hesablamaları göstərir ki, lisenziya sahəsində islahatlar Azərbaycanda özəl sektorun illik 10 milyon manata qənaət etməsinə şərait yarada bilər.

Lisenziyalaşdırma sisteminin islahatlarında digər bir istiqamət inzibati sadələşdirmədir. Kənan Aslanlı: "İnzibati sadələşdirmə lisenziya xərcini və bu prosesdə vaxt itkisini müəyyən qədər azaltmağa yönəlib. Bəzi hallarda lisenziyalaşdırmanın inzibati sadələşdirilməsini hüquqi aktlarda dəyişiklik etməklə, bəzən də heç bir hüquqi dəyişiklik olmadan real icranı təkmilləşdirməklə həyata keçirirlər. Uğurlu lisenziyalaşdırma sistemi quran ölkələrin bir çoxunda bu sahənin əsas müddəalarını tənzimləyən geniş çərçivə qanunu və digər yüksək səviyyəli hüquqi vasitələr var. Bu cür ümumi çərçivə qanunu lisenziyalaşdırma fəaliyyətinin məqsədlərini, tətbiq prinsiplərini, vaxt və maliyyə məhdudiyyətlərini müəyyən etdikdən sonra digər texniki məsələlər daha aşağı səviyyəli normativ hüquqi aktlarda öz əksini tapa bilər. Bütün ölkə ərazisində lisenziyaların keçərli olması, lisenziyaların fiskal alət kimi deyil, tənzimləyici alət kimi tətbiq edilməsi, hər bir lisenziya üçün zəruri olan tələblər, lisenziyaların müddəti və onların verilməsindən imtina kimi məsələlər çərçivə qanununda əksini tapa bilər. Çərçivə qanunu və ya lisenziyalaşdırmanı tənzimləyən digər normativ-hüquqi sənədlər lisenziya tələb olunan fəaliyyətlərlə yanaşı, lisenziya tələb olunmayan iqtisadi fəaliyyətləri də əhatə etməlidir".

Kənan Aslanlının qənaətinə görə, lisenziyalaşdırma sisteminin hüquqi islahatları qədər institusional islahatları da önəm daşıyır: "Bu sahədəki institusional həll yollarından biri lisenziyalar üçün "vahid pəncərə" sisteminin tətbiqidir. Bütün lisenziyaları əhatə edən "vahid pəncərə" sistemində lisenziya almaq üçün müraciətçi ayrı-ayrı dövlət qurumları əvəzinə vahid bir quruma (və ya onlayn sistemə) müraciət edir. Həmin vahid qurum daha sonra müraciətçinin təqdim etdiyi sənədləri baxılması üçün əlaqədar lisenziya vermək səlahiyyətli dövlət orqanlarına göndərir. Onlar sənədləri bəlli bir zaman çərçivəsində nəzərdən keçirdikdən sonra cavabı (lisenziyanın verilməsi və ya imtina) "vahid pəncərə"ni gerçəkləşdirən quruma, həmin qurum da öz növbəsində müraciətçiyə göndərir".

Ekspert deyir ki, "vahid pəncərə" mütərəqqi bir sistem olmaqla yanaşı dövlət qurumları arasında çox çevik bir koordinasiya tələb edir ki, bu da reallıqda bəzən gerçəkləşən bir hədəf olmur: "Bu problemi həll etmək məqsədilə bəzi ölkələr bütün lisenziyalar üçün "vahid pəncərə" sistemi əvəzinə hər bir lisenziya üçün "vahid pəncərə" sistemi tətbiq edirlər. Bu zaman lisenziya verən hər qurum öz daxilində vahid müraciət sistemi qurur və müvafiq şöbələrin işini koordinasiya edir. Bütün bunlarla yanaşı, bəzi ölkələr lisenziya almaq üçün onlayn rejimdə müraciətlərin edilməsi və elektron lisenziya kataloqlarının yayımlanması sistemi ilə lisenziyalaşdırma sahəsində şəffaflığa və bürokratik əngəllərin tədricən ortadan qalxmasına nail olmaq istəyir. Ancaq burası da var ki, onlayn lisenziya xidmətləri, onlayn lisenziya qeydiyyatı və elektron lisenziya kataloqlarının tətbiqi üçün geniş internet məkanı, internet istifadəçilərinin çoxluğu və internet bağlantılarının yüksək sürəti tələb olunur".

Beynəlxalq təcrübə nə deyir?

Çin təcrübəsi. Çin öz milli iqtisadiyyatını və xarici ticarət sistemini daha da liberallaşdırmaq və burada tənzimləyici yükü azaltmaq üçün inzibati icazə və lisenziyalar da daxil olmaqla bir sıra sahələrdə islahatlar aparıb. Çin Xalq Respublikası 2001-ci ildə Dünya Ticarət Təşkilatına (DTT) üzv olana qədər bütün ölkə boyunca istehsal və xidmət sektorlarında tələb olunan lisenziyaların və bütün növ inzibati icazələrin sayı 4000-ə qədər olub. Dövlət Şurası (State Council) DTT-yə inteqrasiya prosesində bu qədər çox lisenziyaların mövcudluğunun davamlı iqtisadi artım, sahibkarların sərbəst fəaliyyəti və mənfəətli ticarət əməliyyatları üçün ciddi maneə olduğunu qəbul etmişdir. Daha sonra aparılan müntəzəm reformlar sayəsində bu lisenziya və icazələrdən 1200-ü birdəfəlik ləğv edilib, qalanlardan bəziləri isə müvəqqəti saxlanılıb. Məsələn, tikinti xidmətləri sahəsində 155 lisenziya, maliyyə xidmətləri sahəsində isə 54 lisenziya ləğv edilib.

ABŞ təcrübəsi. Aparılan davamlı islahatlardan sonra hazırda ABŞ-da federal səviyyəli icazələrin sahələri içərisində kənd təsərrüfatı üzrə heyvanların, heyvan mənşəli məhsulların, biotexno-logiyaların idxalı və daşınması fəaliyyətinə icazəni ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) verir. Alkoqollu içkilərin idxalı, satışı və istehsalı üzrə icazəni ABŞ Spirtli İçkilər və Tütün Məhsulları Vergiləndirilməsi və Ticarəti Bürosu (TTB) təqdim edir. Aviasiyada hava nəqliyyatı və hava nəqliyyatı vasitəsilə daşımaçılıq üzrə rəsmi icazəni Federal Aviasiya Administrasiyası verir. Odlu silah, sursat və partlayıcıların idxalı, satışı və istehsalı üzrə rəsmi icazəni Odlu Silah və Partlayıcılar üzrə Federal Büro təqdim edir. Balıqçılıq və vəhşi təbiətdən toplanan məhsulların əldə edilməsi, idxalı və ixracı üzrə rəsmi icazəni ABŞ Balıq və Vəhşi Təbiət Xidməti verir. Dəniz və okean daşımaçılığı üzrə fəaliyyətə rəsmi icazəni Federal Dənizçilik Komissiyası təqdim edir. Mədənçilik və qazma fəaliyyəti üzrə rəsmi icazəni ABŞ Okean Sərvətlərinin İdarə Edilməsi və Tənzimlənməsi Bürosu, atom (nüvə) enerjisi və nüvə materiallarının mübadiləsi üzrə rəsmi icazəni ABŞ Nüvə Tənzimlənməsi Komissiyası, radio və televiziya yayım fəaliyyəti üzrə rəsmi icazəni Federal Kommunikasiya Komissiyası, nəqliyyat və logistika fəaliyyəti üzrə icazəni isə ABŞ Nəqliyyat Departamenti verir.