SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
*art_name1
Zirzəmilərdəki bərbərxana xidməti - ARAŞDIRMA
Elxan Salahov - Lent.az
03 fevral 2014. Gözəllik salonu və bərbərxana xidməti biznesindən əldə olunan gəlirlərin çoxu salonları icarəyə verənlərin cibinə gedir

Ağ xalatlı xidmətçilər... Kiçik və darısqal, amma son dərəcə işıqlı və səliqəsi ilə diqqəti çəkən kabinetdə iş başındadırlar.

Növbə gözləyənlər də var – elə həmin darısqal və işıqlı otaqda. İki cavan oğlan, bir orta yaşlı kişi onların arxa tərəfində divar boyunca düzülmüş stullarda əyləşib növbə gözləyirlər...

Yox, bura hansısa xəstəxana, yaxud stomatoloji kabinet deyil, Bakının mərkəzi hissəsindəki bərbərxana salonlarından biridir. Lap dəqiq desək, metronun "Nizami" stansiyası yaxınlığında çoxmənzilli binalardan birinin zirzəmisində yerləşən kişi salonudur.

Hazırda paytaxt Bakıda bərbərxana və gözəllik salonu biznesi məişət xidmətləri sahəsində ən gəlirli xidmətlərdən sayılır. Görünür, elə buna görədir ki, son illər təkcə Bakının mərkəzində deyil, elə ətraf kənd və qəsəbələrdə də bərbərxana və gözəllik salonlarının sayı xeyli artıb. Lent.az-ın paytaxtın müxtəlif yerlərində fəaliyyət göstərən bərbərxana və gözəllik salonlarında keçirdiyi mini-sorğulardan məlum olur ki, hazırda ən kiçik və primitiv bərbərxanalarda belə, gün ərzində ən azı 20-dək müştəri gəlir və saç düzümünü formaya salmaq üçün orta hesabla 5 manat xidmət haqqı ödəyir. Bu isə o deməkdir ki, paytaxtda kiçik biznesin bu növü üzrə fəaliyyət göstərən hər bərbərxana gün ərzində 100 manatadək pul qazanır. Deməli, gün ərzində hər bərbərxanada göstərilən xidmətlərdən 100 manat qazanc götürüldüyünü nəzərə alsaq, bu bir ayda 3000 manat eləyir.

1000 manatlıq qazancın yarısı kirayəyə

Qadın salonlarında isə vəziyyət bir qədər fərqlidir. Belə ki, bərbərxanalarla müqayisədə gözəllik salonlarına gün ərzində müraciət edən qadınların sayı daha az, təxminən 12-15 nəfər olur. Ancaq buradakı qiymətlər bərbərxanalardakından xeyli bahadır. Gözəllik salonlarının xidmətlərindən faydalanan qadınlar buna görə orta hesabla 20 manat ödəyir. Bu, gün ərzində təxminən 240-300, ayda isə 7200-9000 manat civarında gəlir deməkdir. Toy və nişan, ad günü mərasimləri zamanı gözəllik salonlarının xidmətlərindən bəhrələnənlərin sayının daha çox olduğunu nəzərə alsaq, onda bu iaşə obyektlərinin aylıq qazancı daha yüksəkdir.

Gözəllik salonu və bərbərxana biznesinin gəlirli sahə olduğunu bu xidmət sahəsində çalışanların özləri də təsdiqləyir. Amma bu gəlirlərin böyük əksəriyyəti ictimai iaşə obyektinin özünün xərclərinə, kommunal xidmət haqlarının ödənilməsinə gedir. Metronun "Nizami" stansiyası yaxınlığındakı "Elşən" kişi salonunda çalışan bərbər-usta deyir ki, təkcə onun özü müştərilərə göstərdiyi xidmətlərdən 1000 manat civarında pul qazanır. Ancaq qazandığının yarısını çoxmərtəbəli binanın zirzəmisində yerləşən bərbərxananın icarəsinə ödəyir: "Bu obyekt özümüzün olsaydı, nə vardı ki?! Biz bu kiçik otağa görə ayda 2000 manat kirayə haqqı ödəyirik. Salonda 4 nəfər işləyirik, hərəmiz ayda 500 manat qoyub kirayə borcunu veririk. Üstəlik bunun işığı, suyu da var, onun da pulunu biz ödəyirik".

90 kvadratmetr yer üçün 3000 manat icarə haqqı

Həmsöhbətimiz şəhərin başqa ərazilərində, məsələn, mərkəzdə, "Sahil" bağı ətrafında, metronun "Gənclik" stansiyasının həndəvərində gözəllik salonu və bərbərxanalar üçün kirayə haqqının daha yüksək olduğunu deyir. Onun sözlərinə görə, hətta onların qonşuluğunda da bahalı salonlar fəaliyyət göstərir: "Bir neçə ay əvvəl "Nizami" metrosu yaxınlığında yer axtararkən da, ümumi sahəsi 90 kvadratmetr olan bərbər salonunu bizə 3000 manata dedilər. Özü də heç bir təmiri-filanı yox idi, gərək heç olmasa 1000-1500 manat təmirə pul xərcləyəydik ki, sonra işə başlayaq. Ona görə də həmin obyekti götürmədik. Bu zonada elə ən münasib qiymətə indi işlədiyimiz salondu. Bundan ucuzunu tapmaq çətindir".

Gözəllik salonu və bərbərxanaların kommunal xidmətlərdən istifadəyə görə xərcləri də az deyil. Həmsöhbət olduğumuz bərbər-ustalar deyirlər ki, icarəhaqqı və kommunal xidmətlərə ödənişlər onlara bərbərxana üçün müasir avadanlıqlar almağa, xidmətin keyfiyyətini yüksəltməyə imkan vermir: "İşıq pulu, su pulu, icarə haqqı, daraqların, fenin alınması – bu xərclər qazancımızın çoxunu aparır".

Bərbərxana və gözəllik salonları arasında keçirdiyimiz mini-sorğular, apardığımız müşahidələr bir mühüm məsələyə də aydınlıq gətirir. Məlum olur ki, ictimai iaşə sektorunda ən gəlirli biznes növü olmasına baxmayaraq, paytaxtdakı gözəllik salonları və bərbərxanaların böyük əksəriyyəti bu fəaliyyət üçün münasib olmayan tikililərdə, binaların zirzəmisində yerləşir. Hazırda paytaxtda fəaliyyət göstərən bu xidmət obyektlərinin heç biri özünün daşınmaz əmlakına – ofisinə sahib deyil. Hətta Bakının kənd və qəsəbələrində şəxsi həyətlərdə gözəllik salonu və bərbərxana xidməti göstərən qeyri-standart köşklərə də rast gəlmək olar. Halbuki bu köşklər kənardan ictimai iaşə xidməti obyekti təsiri bağışlamır.

Bu da dövlət standartı

Yeri gəlmişkən, ötən ilin yayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən gözəllik salonları və bərbərxana xidməti ilə bağlı dövlət standartları qəbul edilib. Sənədə əsasən, bərbərxana xidmətləri 3 cür təsnif olunur: ən azı bir xidmət göstərən adi bərbərxanalar, ən azı 2 xidmət göstərən bərbərxana salonları, 3 və daha çox xidmət göstərən "Lüks" gözəllik salonları. Mövcud standartlara görə, "Lüks" gözəllik salonları xidmət göstərməklə yanaşı, kosmetik və parfümeriya materiallarının satışını da həyata keçirə bilər. Digər iki bərbərxana xidməti həyata keçirən sahibkarlar üçün bu hüquq tanınmır.

Artıq qüvvəyə minmiş bu standartlarda həmin xidmət sahələrinin yerləşdiyi ərazi, salonlar barədə hər hansı müddəa yoxdur. Hazırkı standartların tətbiq olunmasında isə yeganə məqsəd gözəllik salonları və bərbərxanalarda istifadə olunan alətlərin yoxlanılması və sanitariya qaydalarına əməl edilməsidir. Sənəddə deyilir ki, sahibkarlar bu fəaliyyəti həm stasionar qaydada, yəni bilavasitə özlərinə məxsus xüsusi təşkil olunmuş binalarda, ya da səyyar – yəni müştərilərin sifarişləri əsasında onların təklif etdiyi yerlərdə göstərilə bilər.

Dövlət Komitəsinin təsdiq etdiyi sənəddə həmçinin gözəllik salonu biznesilə məşğul olan sahibkarlar üçün təhlükəsizlik və ekoloji tələblər də müəyyən edilib. Məsələn, təhlükəsizlik tələblərinə görə gözəllik salonlarında vaxtı ötmüş materiallardan, sertifikatsız avadanlıqlardan istifadə qadağandır. Yaxud qüvvədə olan ekoloji standartlara əsasən, gözəllik salonları normativlərə uyğun isitmə və havalandırma sisteminə malik olmalı, su və kanalizasiya şəbəkəsinə qoşulmalıdır.

Stimullaşdırıcı tədbirlərə ehtiyac var

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ilə "Kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində bu mövzuda apardığı tədqiqat da maraqlı nəticələr ortaya qoyur. Tədqiqat çərçivəsində Bakı şəhərində və ölkənin müxtəlif iqtisadi rayonlarında gözəllik salonu və bərbərxana xidməti biznesi ilə məşğul olan 8 nəfər sahibkardan müsahibələr götürülüb. Onlardan yarısı qadın salonu, yarısı isə kişi bərbərxanalarının sahibləri olub. Onlardan hamısı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Araşdırmalar göstərir ki, bu biznes fəaliyyəti ilə məşğul olanlar əmlakın əldə olunması və rəsmiləşdirilməsi sahəsində ciddi problemlərlə üzləşir. Belə ki, gözəllik salonu və bərbərxana üçün məxsusi bina tikmək məqsədilə torpaq sahəsi əldə etmək əlverişli deyil. Həm də ona görə ki, icra hakimiyyətlərindən torpaq sahəsinin əldə olunma qaydaları və şərtləri ümumiyyətlə, qeyri-müəyyəndir. Bələdiyyələrdən bina tikintisi üçün torpaq almaq mümkün deyil. Çünki kiçik sahibkarlıq məqsədilə bələdiyyələrdən hərrac və müsabiqələr yolu ilə torpaq sahəsinin alınması bir qayda olaraq öncədən razılaşdırılmalıdır. Bu isə qeyri-rəsmi ödəniş edilmədən mümkün deyil.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi İctimai Birliyinin eksperti Rövşən Ağayev deyir ki, məhz bu tip problemlər gözəllik salonu və bərbərxana xidməti biznesinin inkişafını ləngidir. Onun sözlərinə görə, bu sahədə biznes mühitinin sağlamlaşdırılması, xüsusilə bu bizneslə məşğul olan kiçik sahibkarlar üçün əlverişli mühitin yaradılması üçün bir neçə istiqamətdə stimullaşdırıcı tədbirlərə ehtiyac var: "Kiçik sahibkarlıq məqsədilə tikinti təyinatlı torpaq almanın şərtlərinin yüngülləşdirilməsi, bu sahədə şəffaflığın artırılması vacibdir. Xüsusilə də icra hakimiyyətlərindən kiçik sahibkarlıq məqsədilə torpaq sahəsinin alınması şərtləri, qayda və prosedurları qanunvericilikdə çox dəqiq müəyyən olunmalıdır. Üstəlik, bələdiyyələrə 50 kvadratmetrədək sahədə xidmət məqsədli sahibkarlıq obyektləri tikmək məqsədilə torpaq sahəsi ayırmaq üçün müstəqillik verilməlidir ki, gözəllik salonu və bərbərxana biznesində çalışmaq istəyənlər bundan bəhrələnə bilsin".