SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
*art_name1
Çörəklə imtahana çəkilənlər
Vəfa Məmmədli- 525.az
05 mart 2014. Azərbaycanda kiçik sahibkarlığın problem yaşadığı sahələrdən biri də çörəkbişirmədir. Problemlərin bəziləri iqtisadi amillərdən qaynaqlansa da, bu sahibkarlıq subyektlərinin ən çox əziyyət çəkdiyi inzibati problemlərdir. Son illər Bakı şəhərində iri çörək zavodlarının fəaliyyətə başlaması ilə kiçik çörəkbişirmə sexlərinin ağrılı günləri başlayıb. Dövlət iri çörək zavodlarına böyük maliyyə dəstəyi verməklə bilərəkdən və ya bilməyərəkdən kiçik sahibkarların onsuz da ağır maliyyə-iqtisadi durumunu daha da ağırlaşdırıb.

Böyük çörək zavodlarının əksəriyyəti Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə tikilib və yeni texnologiya ilə təchiz edilib. Rəsmi statistikaya görə, Fond ümumi dəyəri 108,2 milyon manat, gündəlik istehsal gücü 721 ton olan 25 çörək zavodunun tikintisinə və onların müasir texnologiya və avadanlıqlarla təcizatına 38,1 milyon manat güzəştli kredit ayırıb. Bu zavodlardan 18-i artıq fəaliyyətə başlayıb, onların gündəlik istehsal gücü 638 tondur. Zavodların texnologiya və avadanlığının əksər hissəsi Türkiyə, Almaniya və Çex Respublikasından gətirilib. Hesablamalara görə, çörək zavodları tam istehsal gücü ilə fəaliyyətə başlayandan sonra Bakı və Sumqayıtda yaşayan istehlakçıların 60-70 faizini yüksək keyfiyyətli və müxtəlif çeşidli çörək və çörək məmulatları ilə təmin edə biləcək.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri "Kiçik çörək sexlərinin fəaliyyətinə təsir edən inzibati baryerlərin müəyyənləşdirilməsi" mövzusunda tədqiqat aparıblar.

Tədqiqata kiçik çörək sexləri arasında sorğunun və fokus-qrup müzakirələrinin keçirilməsi də daxildir.

Ölkədə çörəkbişirmə müəssisələrinin sayı ilə bağlı dəqiq rəsmi statistikaya rast gəlinməsə də, İTM ekspertlərinin hesablamalarına görə, respublikada minə yaxın belə müəssisə fəaliyyət göstərir. Ekspertlərin qənaətincə, ölkədə, xüsusilə, Bakı və onun ətrafında kiçik çörəkbişirmə zavodlarının sayı və istehsal gücü əvvəlki illərə nisbətən xeyli azalıb.

Sorğu və müzakirələrə cəlb olunan sahibkarlar əvvəlki illərlə müqayisədə rentabelliyin aşağı düşdüyünü bildiriblər. Ən başlıca səbəb böyük çörək zavodlarının fəaliyyətə başlamasıdır. Ancaq digər qeyri-iqtisadi səbəblər də var. Sahibkarların fikrincə, onların istehsal gücünün zəifləməsinin əsas səbəblərindən biri də müvafiq dövlət nəzarət orqanları tərəfindən yoxlamalara tez-tez məruz qalmaları və nəticədə əvvəlki illərə nisbətən daha çox cərimə olunmalarıdır. Maraqlıdır ki, sahibkarlar bu cərimələrin əksəriyyətinin haqlı olaraq kəsildiyini etiraf edirlər. İşçilərin əmək müqaviləsi bağlanmadan işlədilməsi, sanitar-gigiyenik qaydalara riayət olunmaması bu sahədə ən çox rast gəlinən pozuntulardandır. Sahibkarlar bu pozuntuları məcburiyyətdən etdiklərini bildiriblər. Onların fikrincə, böyük çörək zavodlarının basqısı nəticəsində müştərilərin əldən çıxması maliyyə çatışmazlığına rəvac verir ki, bu da çörək istehsalı, saxlanması və daşınması sahəsində Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi standartlar əməl etməyi nəinki çətinləşdirir, hətta, deyərdik ki, mümkünsüzləşdirir. Nəticədə cərimə ödəməli oluruq.

Tacirlər və İstehlakçılar İctimai Birliyinin sədri Sevgim Rəhmanovun fikrincə, indiki istehsal gücü ilə çörəkbişirən heç bir kiçik sahibkar müasir çörəkbişirmə texnologiyasına sahib ola bilməz. Ekspert bu sahədə olan digər problemlərə də toxunub. Kiçik çörəkbişirmə sexlərinin özlərinin binalarının olmaması, çörəkbişirmə texnologiyasını yaxşı bilən kadr çatışmazlığı bu sahə üçün xarakterik olan əsas problemlərdəndir.

S.Rəhmanov bildirib ki, kiçik çörəkbişirmə müəssisələrində güclü təzyiqə hesablanmış, xüsusi qaz sayğaclarından istifadə olunur: "Qiyməti 6-7 min manat olan belə sayğaclar sahibkarların şəxsi vəsaiti hesabına alınır. İndi təsəvvür edin ki, sayğac xarab olub. Bu o deməkdir ki, sahibkarın illik mənfəətinin yarısı yeni sayğacın alınıb quraşdırılmasına gedəcək".

İTM-in eksperti Rəcəb İmanovun fikrincə, kiçik çörəkbişirmə sexlərinin saxlanılması və inkişaf etdirilməsi birinci növbədə ona görə vacibdir ki, böyük çörəkbişirmə zavodları inhisara çevrilməsinlər. Əks təqdirdə meydanı boş görən böyük zavodlar bu sektoru öz "qaydaları" ilə idarə etməyə cəhd göstərəcəklər. Eyni zamanda, belə zavodlarun çörəkbişirmə ilə əlaqəli olan digər iqtisadi sferalara da təsir imkanları artacaq. Başqa sözlə desək, böyük çörək zavodlarının daxil olduğu şirkətlər çörəkbişirmədə istifadə olunan un, yağ, duz, şəkər tozu və s. ərzaq məhsullarının istehsalını və yaxud ixracını öz əllərində cəmləməklə belə məhsulları satan kiçik və orta sahibkarları da meydandan kənarlaşdıra bilərlər. R.İmanov çörəkbişirmə sektorundakı kiçik və orta sahibkarların xilasını onların maliyyə imkanlarının yaxşılaşdırılmasında görür. Belə ki, hökumət bu sahədə çalışan sahibkarlara da güzəştli kredit ayırmalı, onların maddi-texniki bazalarının yaxşılaşdırılmasına dəstək verməlidir. Sonrakı mərhələdə bu müəssisələrə nəzarət edən, kommunal xidmətlər göstərən qrumlarla əlaqələrin hüquqi müstəvidə işlək mexanizmləri qurulmalıdır. İndiki halda hər hansı bir qurum qanunsuz yoxlama aparırsa və yaxud hər hansı bir kommunal xidmət göstərən orqanın günahı səbəbindən sahibkar zərər çəkirsə, bunun qarşılığı ödənmir. Məsələn, çörəyin bişməsi prosesində maye qazın xəbərdarlıq edilmədən kəsilməsi sahibkara ciddi ziyan vurur. Ancaq bunun müqabilində sahibkar qaz satışı ilə məşğul olan quruma heç bir iddia qaldıra bilmir. Çünki bu qurumlarla sahibkarlar arasında kommunal xidmət göstərən orqanın üzərinə demək olar ki, heç bir öhdəlik düşmür.

Ekspertin fikrincə, sadalanan problemlər tezliklə aradan qaldırılmasa, tez bir zamanda kiçik çörəkbişirən müəssisələr sıradan çıxacaq, bazar bütünlüklə iri çörək zavodlarının əlinə keçəcək.