SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Enerjidə sənəd labirinti
Bəkir Nərimanoğlu - mediaforum.az
13 mart 2014. "Elektrik enerjisindən istifadəyə qoşulmaq prosedurası qəlizdir və bu səbəbdən rüşvət üçün xeyli münbit şərait var". Vətəndaşlara bu sahədə hüquqi yardım göstərən "Şəffaflıq Azərbaycan" təşkilatının eksperti Kənan Qasımov belə deyir.

Qasımov qeyd edir ki, elektrik təchizatına qoşulmaq prosesi uzun və yorucu olduğundan vətəndaşlar rüşvət yoluna baş vurur: "Bu mübarizədə vətəndaşların mübarizə əzmi böyük rol oynayır. Enerjidən istifadəyə qoşulmaq üçün mərkəzlərimizə xeyli müraciət olsa da, vətəndaşlar sona qədər mübarizə aparmaqdan çəkinir. Əksər müraciətçilər belə bir şikayətlərinin olduğunu, bunun hüquqi tərəflərini öyrənmək istədiklərini söyləyir, amma bununla bağlı konkret müraciətin dövlət qurumuna göndərilməsini istəmir. Enerjiyə qoşulmaq üçün lazımı hüquqi şərtləri hüquqşünaslarımızdan öyrənən vətəndaşlar prosesin uzun çəkəcəyini nəzərə alaraq problemi ya rüşvət vermək, ya da digər vasitələrdən istifadə etməklə həll etməyə üstünlük verir.

Problemin ciddi olduğunu nəzərə alaraq hökumətə tövsiyə etmişik ki, hüquqi və fiziki şəxslər üçün elektrik enerjisindən istifadəyə qoşulmaq üçün proseduralar sadələşdirilsin. Məsələn, yeni istifadəçilər üçün elektrik enerjisindən istifadəyə dair texniki şərtin alınması sadələşdirilsin, qərar qəbul etmə prosesinin şəffaflığı artırılsın və müraciətçilərin rahatlığı üçün vahid pəncərə sistemi tətbiq olunsun. Təəssüflər olsun ki, hələ ki, bu tövsiyələr qəbul olunmayıb".

Elektrik təchizatına qoşulma prosedurasının ağırlığı bu sahədə Azərbaycanın beynəlxalq göstəricilərinə də mənfi təsir göstərib. Dünya Bankının hazırladığı "Doing Business" hesabatında da qeyd olunur ki, son 2 ildə bu sahədə vəziyyət pisləşib. Belə ki, hesabatda Azərbaycan bu göstərici üzrə 2013-cü ildə 179-cu, 2014-cü ildə isə 2 pillə geriləyərək 181-ci yer tutub.

Prezidentin sahibkarlıqla bağlı son fərmanı da bu sahədə problemin ciddi olduğunu göstərir. Fərmanda qeyd olunur ki, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedura, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflər hazırlanmalıdır.

Hazırkı qaydalar sifarişçinin enerji qəbuledicilərinin elektrik şəbəkəsinə qoşulması üçün aşağıdakı proseduraları təyin edir:

- Sifarişçi tərəfindən məktubla (ərizə ilə) müraciət edilməsi və texniki şərtlərin hazırlanması;

- Texniki şərtlər əsasında layihənin hazırlanması;

- Layihənin "Bakıelektrikşəbəkə" ASC ilə razılaşdırılması;

- Texniki şərtlərin icrası və onun icrasının yoxlanılması;

- "Bakıelektrikşəbəkə" ASC tərəfindən elektrik avadanlıqlarının sınaqdan keçirilməsi, rele mühafizəsinin yoxlanılması və sazlanması, sayğac komplektlərinin qoşulması;

- Sifarişçi tərəfindən müvafiq sənədlərin hazırlanması, Dövlət Enerjinəzarət İdarəsindən və "Bakıelektrikşəbəkə" ASC-dən elektrik qurğusuna istismara buraxılma aktlarının alınması;

- "Bakıelektrikşəbəkə" ASC tərəfindən sifarişçinin enerji qəbuledicilərinin elektrik şəbəkəsinə qoşulması və elektrik enerjisinin alğı-satqı müqaviləsinin bağlanması;

- Sayğac komplektləri quraşdırıldıqdan sonra elektrik qurğularının şəbəkəyə qoşulması haqda Dövlət Enerjinəzarət İdarəsindən və "Bakıelektrikşəbəkə" ASC-dən istismara buraxılma aktlarının alınması üçün sifarişçi tərəfindən müraciət olunur;

- Dövlət Enerjinəzarət İdarəsindən, "Bakıelektrikşəbəkə" ASC-dən elektrik qurğusuna istismara buraxılma akt ları alındıqdan və "Bakıelektrikşəbəkə" ASC ilə enerji alğı-satqı müqaviləsi bağlandıqdan sonra müvafiq texniki sənədlər toplanaraq "Bakıelektrikşəbəkə" ASC-yə təqdim olunur. Təqdim olunmuş sənədlər əsasında hər hansı bir çatışmazlıq aşkar olunmazsa, elektrik qurğularının gərginlik altına qoşulması barədə ASC-nin müvafiq strukturuna tapşırıq verilir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində aparılan tədqiqatda qeyd olunur ki, hüquqi və fiziki şəxslər üçün elektrik enerjisindən istifadəyə qoşulmaq üçün proseduralar sadələşdirilməlidir. Məsələn, yeni istifadəçilər üçün elektrik enerjisindən istifadəyə dair texniki şərtin alınması sadələşdirilsin, qərar qəbul etmə prosesinin şəffaflığı artırılsın və müraciətçilərin rahatlığının təminatı üçün vahid pəncərə sistemi tətbiq olunsun.

Kommunal məsələlər üzrə ekspert Ələkbər Ağasiyev bildirir ki, texniki şərtin alınması bir neçə mərhələdən ibarət, bir çox texniki sənədlərin tərtib olunmasını tələb edən mürəkkəb bir proseduradır: "Proseduranın mürəkkəb olması ona əməl edilməsini çətinləşdirir və bununla da sui-istifadə hallarına yol açır. Bu məsələ ilə əlaqədar qərarların qəbul edilməsi prosedurası şəffaf deyil, texniki şərtin verilməsi ilə əlaqədar qəbul edilmiş qərarların tutarlı izahı verilmir, bəzi hallarda obyektin şəbəkəyə daha yaxın məsafədən qoşulması mümkün olduğu halda obyekt şəbəkəyə daha uzaq məsafədə yerləşən nöqtədən birləşdirilir. Bu da elektrik-quraşdırma işlərinin süni bahalaşdırılmasına gətirib çıxarır".

Ələkbər Ağasiyev deyir ki, bu sahədə islahatlar həyata keçirilməlidir: "Texniki şərtlərin verilməsi qaydaları mümkün qədər sadələşdirilməli; şərtlərin verilməsi ilə əlaqədar qərarların qəbul edilməsi prosedurası şəffaflaşdırılmalı; "vahid pəncərə" prinsipi tətbiq olunması zəruridir".