SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Tikinti icazə yollarında
Bəkir Nərimanoğlu - mediaforum.az
18 mart 2014. Prezident İlham Əliyevin sahibkarlığın inkişafı ilə bağlı bu ay imzaladığı fərmanda diqqət çəkən məqamlardan biri tikintiyə icazələrin verilməsi ilə bağlıdır. Fərmanda dövlət qurumlarına tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedura və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək tapşırılır.

Beynəlxalq hesabatlarda ən çox tənqidə məruz qalan sahələrdən biri də tikintiyə icazələrin verilməsi üçün prosedura və müddətlərin çoxluğudur. Dünya Bankının hər il hazırladığı "Doing Busniess-2013" (Biznesə başlama) hesabatında Azərbaycan bu sahə üzrə çox pis göstəriciyə malikdir. Ölkə tikintiyə başlamaq indikatoruna görə, dünyada 180-ci yerdədir. Tikintiyə icazə alınması üçün tələb edilən proseduraların sayı 28, tələb edilən günlərin sayı isə 212-dir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində orta göstəricilər müvafiq olaraq 13 və 148-dir.

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin 1000 kiçik sahibkar arasında sorğusu da bu sahədə vəziyyətin ürəkaçan olmadığını göstərib. Sualı cavablandırmış respondentlərin yalnız 29,2 faizi və ya 292 respondent tikinti işləri üçün icazə almalı olduğunu bildirib. Respondentlərin əksəriyyəti 30,8 faizi və ya 90 respondent olmaqla icazəni 1 ay ərzində aldığını qeyd edib. Növbəti yerləri 29,1 faizlə (və ya 85 respondent) 3 aya, 28,4 faizlə (və ya 83 respondent) 6 aya, 7,5 faizə (və ya 22 respondent) 1 ilə və 4,1 faizlə (və ya 12 respondent) 1 ildən yuxarı cavab variantları tutub. Respondentlərin 35,6 faizi və ya 104 respondent tikinti üçün icazəni rüşvətsiz almağın qeyri-mümkün olduğunu bildirib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində aparılan tədqiqatda qeyd edilir ki, Azərbaycan, Ermənistan və Gürcüstanda tikinti üçün icazələrin alınması proseduralarının, tələb olunan günlərin və buna çəkilən xərcin müqayisəsi ölkədə vəziyyətin digər region ölkələri ilə müqayisədə daha əlverişsiz olduğunu göstərir.

İndikator
Azərbaycan
Ermənistan
Gürcüstan
Şərqi Avropa və Mərkəzi Asiya
OECD
Proseduraların sayı
28
17
9
19
14
Günlərin sayı
212
77
74
226
143
Xərc (adambaşına düşən gəlirlərin %-i)
292.4
50.1
17.7
486.7
78.7
"Tikinti icazələrinin alınması" (Doing Business 2013)

Hansı obyektlər üçün icazə alınmalıdır?

2013-cü ildən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinin ən mühüm hissəsi tikintiyə icazələrdir.

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunmayan obyektlər və fərdi yaşayış evləri istisna olmaqla digər obyektlərin tikintisinə icazə tələb olunur. Tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısı məcəllədə ayrıca göstərilib, fərdi yaşayış evlərinin tikintisi isə məlumatlandırma icraatı əsasında həyata keçirilir. Məcəlləyə əsasən, tikintiyə icazələri yerli – rayon və şəhər icra hakimiyyətləri verəcək.

Detallara keçməzdən əvvəl qeyd edək ki, məcəllənin 75-ci maddəsinə əsasən, tikinti müvafiq tələblərə cavab verirsə, ona hökmən icazə verilməlidir: "75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir".

Beləliklə, tikintiyə icazə almaq üçün sifarişçi yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. Ərizəyə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikintinin layihəsi; sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilir. Ərizəni qəbul edən yerli icra hakimiyyəti 5 gün ərzində sənədlərin tamlığını yoxlayır, çatışmazlıq olduqda dərhal ərizəçini məlumatlandırır və çatışmazlığı aradan qaldırmaq üçün 10 gün verir.

Tikintiyə dair sənədlər qaydasında olduqda yerli icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və digər aidiyyəti qurumların tikinti ilə bağlı rəyini almaq üçün onlara sorğu göndərir. Məcəlləyə görə, həmin sorğuya 1 ay müddətində rəy bildirilməlidir. Əgər bu müddət ərzində aidiyyəti qurumlar layihə ilə bağlı rəy bildirmirlərsə, sorğunu göndərən yerli icra hakimiyyəti bunu tikiliyə iradların olmaması kimi qəbul edir. Paralel olaraq yerli icra hakimiyyəti orqanı tikinti layihəsini ekspertizaya keçməyə göndərir. Ümumilikdə tikintiyə icazə üçün ərizəyə 3 ay ərzində baxılır və icazə verib-verilməməsi barədə qərar qəbul edilir.

Bununla yanaşı tikintiyə icazə verilməsi zamanı əlavə şərtlər də nəzərdə tutula bilər. Əlavə şərtlərin siyahısı və tətbiqi halları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Yeri gəlmişkən, məcəlləyə əsasən, hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də, binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir.

Tikintiyə icazə 3 illiyə verilir

Tikintiyə icazə verildiyi halda ərizəçiyə bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan təqdim olunur. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında saxlanılır. Tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində reyestrin internet səhifəsində yerləşdirilir. Məcəlləyə əsasən, tikintiyə icazənin qüvvədə olma müddəti 3 ildir. Amma bu müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar Nazirlər Kabinetində müəyyən edilir.

Qonşular tikintiyə mane ola bilər

Məcəlləyə əsasən, yerli icra hakimiyyəti tikintiyə icazə üçün müraciətə baxanda bu məsələ ilə bağlı maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da müvafiq icra hakimiyyəti orqanı onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Ən maraqlısı budur ki, tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.

Texniki şərtlərin alınması

Məcəllədə yeni tikilən obyektlər üçün texniki şərtlərin alınması məsələsinə də aydınlıq gətirilib. Belə ki, yerli icra hakimiyyəti orqanı tikintiyə icazə verilməsi prosesində tikinti obyekti üçün təchizat müəssisələri tərəfindən texniki şərtlərin verilməsini də təmin etməlidir. Məcəlləyə əsasən, texniki şərtlər tikintiyə verilən icazənin tərkib hissəsidir. Yəni tikintiyə icazə alan şəxs yenidən ayrıca olaraq texniki şərtləri almalı olmayacaq.

Məcəlləyə əsasən, sifarişçi tikintiyə icazə almaq üçün yerli icra hakimiyyəti orqanına müraciət edəndən sonra yerli icra orqanı texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ilə bağlı zəruri sənədlər, o cümlədən tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir.

Təchizat müəssisələri 15 gün ərzində texniki şərtlərlə bağlı sorğuya cavab verməlidirlər. Texniki şərtlərin verilməsi zamanı sifarişçinin üzərinə mühəndis-kommunikasiya təminatına dair sorğuda nəzərdə tutulmamış əlavə öhdəliklər qoyula bilməz.

Tikinti obyektinin istismarına icazə

Tikintisi başa çatmış obyektin istismarına icazə verilməsi həmin obyektin tələblərə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü göstərir. Tikinti obyektinin istismarına icazəni yerli – rayon və şəhər icra hakimiyyəti orqanları verir. Tikintinin sifarişçisi bunun üçün icra hakimiyyətinə müraciət edir. Məcəlləyə əsasən, yerli icra hakimiyyəti orqanı bu müraciətə 30 gün ərzində mənfi və ya müsbət cavab verməlidir. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda yerli icra hakimiyyəti orqanı obyektin istismarına icazə verməlidir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Yerli icra hakimiyyəti orqanı tikintinin ekspertizasını da tələb edə bilər. Amma əgər ekspertiza nəticəsində tikilinin müəyyən edilmiş tələblərə uyğun inşa edildiyi təsdiqlənsə, ekspertizanı xərcini yerli icra hakimiyyəti orqanı özü ödəyir.

Çıxış yolu

M.B.A LTD şirkətinin rəhbəri Nüsrət İbrahimov deyir ki, mövcud sistem dəyişməsə, istənilən islahat uğurlu nəticə verməyəcək: "Tikinti işi ilə məşğul olanların çoxu məmurlardır. Bu məmurların da bir ayağı Milli Məclisdədir. Qanunları da özlərinə uyğunlaşdırırlar. Belə əlaqələr kəsilsə, yəni hərə öz işi ilə məşğul olsa, problem olmaz".

Nüsrət İbrahimov fərdi evlərə tikintisi ilə bağlı vəziyyətə də toxundu: "Yeni məcəllə ilə fərdi evlərin tikintisi üçün icazə alınmamalıdır. Ancaq buna əməl olunmur. Vətəndaş tikmək istəsə də, uçururlar".

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı da deyir ki, tikintiyə icazələri şəffaf olmalı, nəzarət mexanizmi bir mərkəzdə birləşməli, ən əsası isə tikinti ilə məşğul olan şirkətlərin öhdəlikləri artırılmalıdır: "Yəni 10 manat nizamnamə kapitalı olan MMC bu sahəyə buraxılmamalıdır.

100-dən artıq sənəd tələb olunması anormaldır. İcazəni bir qurum, inşaat pasportunu ayrı təşkilat, istismar aktını isə tam ayrı təşkilatın verməsi düzgün yanaşma deyil".