SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Enerjidə sənəd labirinti
Müflisləşmədən fayda
Bəkir Nərimanoğlu - mediaforum.az
31 mart 2014.Müflisləşmə deyəndə əksər halda ağıla yalnız pis hadisə gəlir. Ancaq heç də hər şey ilk baxışda göründüyü kimi deyil. Biznesi bitirmək formalarından biri olan müflisləşmə həm də dirçəlmək üçün bir şansdır.

Dünya Bankının hesabatına əsasən, Azərbaycan müflisləşmə indikatoruna görə dünya ölkələri arasında 86-cı yeri tutur. Azərbaycanda müflisləşmə üçün tələb edilən müddət 2.3 il, müflisləşmə xərci isə əmlakın 10 faizi həcmindədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində isə müflisləşmə üçün tələb edilən müddət 1.7, müflisləşmə xərci əmlakın 9 faizi həcmindədir.

Prezident İlham Əliyev martın 3-də sahibkarlıqla bağlı imzaladığı fərmanda "Müflisləşmə və iflas haqqında" qanunun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını da tapşırıb.

Müflisləşmə hüquqi və ya fiziki şəxsin öz borc öhdəliklərini vaxtında ödəyə bilməməsinə deyilir. Məhkəmədə təsdiqlənsə, bu, iflas adlanır. Müflisləşmə iqtisadi sistemin vacib elementi rolunu oynayır. O, ayrı-ayrı investor və borclu arasında münasibətləri tənzimləyir və növbəti iqtisadi yüksəliş üçün zəmin yaradır.

Azərbaycan qanunvericiliyinə görə, əgər borclu 2 ay ərzində öz borc öhdəliklərini ödəyə bilmirsə və onun kreditorlara olan borcu nizamnamə fondunun 10 faizini keçirsə, müəssisəyə qarşı müflisləşmə protokolu hazırlanır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində aparılan tədqiqatda qeyd edilir ki, son illər dünya miqyasında baş verən maliyyə böhranı müflisləşmə və iflas prosesinin aktuallığını artırıb. Azərbaycanda dünya iqtisadi böhranının fəsadları özünü göstərməsə də, iqtisadi proseslərin normal tənzimlənməsi, sahibkarlıq mühitinin inkişaf etdirilməsi baxımından müflisləşmə və iflas prosesinin qanuna uyğun qaydada aparılması mühüm əhəmiyyət kəsb edir.

Tədqiqatda deyilir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər banklardan və kredit təşkilatlarından mütəmadi kredit götürür. Bəzən sahibkar öz gözləntisinin əksinə olaraq kredit borcunu ödəyə bilmir. Məhz bu halda ya kredit verən tərəf, ya da sahibkarın özü məhkəməyə müraciət edərək öhdəlik yerinə yetirilmədiyinə görə müflisləşmənin aparılmasını istəyir. Hüquqi və ya fiziki şəxsin öz borc öhdəliklərini vaxtında ödəyə bilməməsinə onun müflisləşməsi deyilir. Müflis olan hüquqi şəxsin mütləq ödəmə qabiliyyətinin olmamasının məhkəmə tərəfindən təsdiq edilməsi isə onun iflasa uğraması kimi başa düşülür.

Öhdəlik icra edilə bilməyəndə kreditorlar müvafiq kreditlərin ödənməməsi, səhmdarlar isə şirkətə qoyduqları investisiyaların itirilməsi təhlükəsi ilə üzləşirlər. İnkişaf etmiş ölkələrdə investorlar öz investisiyalarını planlaşdırarkən maliyyə uğursuzluqları ilə əlaqədar risklərə xüsusi diqqət yetirirlər. Buna görə də yarana biləcək çətin vəziyyətdən müəssisənin az itki ilə çıxması üçün müflisləşmə haqqında qanunlar əsasında qabaqcadan tədbirlər görülür. Müflisləşmə haqqında işlək qanunların olması imkan verir ki, uğursuzluğa düçar olan biznes fəaliyyəti sərfəli şəkildə xətm edilsin və onların aktivləri daha səmərəli bazar iştirakçılarına ötürülsün.

Kreditin ödənməsi imkanının olmaması haqda qanunlar digər qanunlarla (məsələn, korporativ idarəetməyə, qiymətli kağızlarla aparılan əməliyyatlara, vergilərə və bank işinə aid qanunlar) qarşılıqlı əlaqədə olub onları daha da möhkəmləndirir, nəticədə özləri də möhkəmlənir.

Bu qanunlarda müflisləşmiş fiziki və ya hüquqi şəxsin əlində olan vəsait hesabına kreditorlara borclarını qaytarması prosedurları ifadə edilir. Müflisləşmə proseduru borcluya maliyyə öhdəliklərinin əksər hissəsindən azad olub yenidən fəaliyyətə başlamaq imkanı da verir. Burada söhbət ondan gedir ki, bir şirkət aldığı borcu qaytara bilmirsə, heç də birdəfəlik ləğv edilmir. Sadəcə olaraq borc məbləği borc verənə qaytarılana qədər şirkətin idarəetməsi sahibkardan alınıb borc verənə və ya digər bir tərəfə keçir. Şirkətlə bağlı bütün qərarları artıq yeni inzibatçı verir. Bu proses o zamana qədər davam edir ki, borc verən öz vəsaitini tam geri alsın. Borc tam alındıqdan sonra şirkət geridə qalan aktivləri ilə yenidən təşkil olunaraq fəaliyyətini davam etdirə bilir.

Yenidən təşkil ideyasının əsasında belə bir məntiq dayanır ki, bəzən kreditorlar ləğvetmə prosesi ilə müqayisədə yenidən təşkil prosesində daha çox pul qazana bilərlər. Deməli, müflisləşməyə dair qanunvericilik mahiyyətcə öhdəliyini yerinə yetirə bilməyən müəssisənin ləğv edilməsini yox, onun sağlamlaşdırılmasını, düçar olduğu problemdən daha az ziyanla çıxmasını nəzərdə tutur.

Dünyanın əksər ölkəsində müflisləşmə haqqında qanunlar var. Ancaq bəzi ölkələr bu qanunları çox nadir halda tətbiq edir. Bura Azərbaycanı da aid etmək olar. Belə olmasaydı, ölkəmizdə 1997-ci ildə qəbul edilmiş qanun dəfələrlə təkmilləşdirilər, işlək vəziyyətə gətirilərdi.

Azərbaycan Beynəlxalq Konsaltinq Kompaniyasının direktoru Natiq Abdullayev hesab edir ki, bu qanun ümumən Azərbaycanın bugünkü inkişaf səviyyəsinə, formalaşmış iqtisadi-hüquqi, sosial şəraitə uyğun deyil: "Qanunun əsas anlayışlar, terminologiya bölməsi hazırkı şəraitə və qanunvericilik terminologiyasına tam cavab vermir, onun bütövlükdə mətni müflisləşmə və iflas prosesinin tənzimlənməsini təmin etmir. Müflisləşmə kimi qiymətləndirilməli olan hallarda, müflis elan edilmə, iflas prosesinə başlanması, iflas prosesinin başa çatdırılması, bu prosesin başa çatdırılmasının nəticələri, sağlamlaşdırma prosesi və s. məsələlərdə nöqsanlı məqamlar var. Qanun sanki müflis vəziyyətə düşmüş fiziki və hüquqi şəxslərin iflas prosesinə məruz qalmasına və onların fəaliyyətinin yalnız ləğvinə xidmət edir. Halbuki müflisləşməyə məruz qalmış sahibkarlıq subyektlərinin ləğvinə deyil, onun sağlamlaşdırılmasına və fəaliyyətinin bərpasına diqqət yetirilməlidir. Müflisləşmə və iflas prosedurunun prosessual aspektləri (müflisləşmə və iflas prosesinə başlanma, məhkəmədə işə baxılması qaydaları və müddətləri və s.) qüsurludur və bunların yenidən işlənməsinə zərurət var. Qanunda beynəlxalq (transsərhəd) iflas proseduru, transsərhəd müflisləşmə və iflas prosesləri öz əksini ümumiyyətlə tapmayıb; ayrı-ayrı xüsusi müəssisələrin (banklar, sığorta təşkilatları və s.) müflisləşmə və iflas proseduru, regional və sahəvi müflisləşmə və iflas prosesləri (Rusiya, Bolqarıstan və s. ölkələrin qanunvericiliyində bunlar var) nəzərdə tutulmayıb. Borclu ilə kreditorlar arasında məhkəmə müdaxiləsi olmadan, barışıq sazişi bağlanması yolu ilə müflisləşmə və iflas prosesinin tənzimlənməsinə dair müddəalar olsa da, bu prosedurun tətbiqi və icrası mexanizmi göstərilməyib, sağlamlaşdırma ilə bağlı kreditorların təklif vermək hüququ qanunda nəzərdə tutulmayıb. Tövsiyə edilir ki, birbaşa marağı olan kreditorların sağlamlaşdırma ilə bağlı təklif vermək hüququ qanunda nəzərdə tutulsun".

Hüquqşünas Eldar Qocayev də deyib ki, indiyədək qanuna prinsipial fərqlər yaratmayan bir neçə redaksiya xarakterli dəyişiklik edilib: "Avropada Yenidənqurma və İnkişaf Bankının müxtəlif ölkələrin müflisləşmə və iflasla bağlı mövcud qanunvericiliyinin qiymətləndirilməsinə dair 2003-cü ildə hazırladığı sənəddə Azərbaycanın bu sahədə qüvvədə olan qanunu aşağı səviyyədə qiymətləndirilib. 17 il əvvəl qəbul olunmuş "Müflisləşmə və iflas haqqında" qanunda həm əvvəldən mövcud olan, həm də ölkədə iqtisadi münasibətlər inkişaf etdikcə müasir tələblərlə cavab verməyən bir çox çatışmazlıq aydın şəkildə nəzərə çarpmağa başladı".

Eldar Qocayevin fikrincə, qanunun işləməsinə mane olan çatışmazlıqlar bunlardır:

- Qanunun mətni müflisləşmə və iflas prosesinin tam şəkildə (əvvəldən axıradək) tənzimlənməsini təmin etmir;

- Qanunun 1-ci maddəsində (I fəsil. Ümumi müddəalar. Maddə 1. Əsas anlayışlar) verilmiş anlayışlar, beynəlxalq maliyyə və iqtisadi təşkilatların müvafiq sahədə norma, qayda və tövsiyələri qabaqcıl xarici təcrübə əsasında həm kəmiyyət, həm də keyfiyyət baxımından yenidən işlənməlidir;

- Qanunun müvafiq fəsil və maddələrində müflisləşmə kimi qiymətləndirilməli olan hallar, sağlamlaşdırma prosesi, müflis elan etmə, iflas prosesinə başlanması, iflas prosesinin başa çatdırılması, bu prosesin başa çatdırılmasının nəticələri kimi məsələlər (həmçinin prosessual müddətlər) yenidən işlənməlidir;

- Azərbaycanın "Müflisləşmə və iflas haqqında" qanununa beynəlxalq səviyyədə (iki və ya daha artıq ölkədə) fəaliyyət göstərən müəssisələrin müflisləşmə və iflas qaydalarını əks etdirən yeni normalar əlavə edilməlidir;

- Qanunda daha bir yenilik və təkmilləşdirmə - kreditorlar və borclular arasında məhkəmədən kənar barışıq sazişi bağlandıqda müflisləşmə və iflas prosesinin tənzimlənməsinin tətbiqi və icrası mexanizminə dair müddəaların artırılması olardı;

- Həmçinin spesifik xüsusiyyətlərə malik ayrı-ayrı bazar subyektləri (məsələn, banklar) üçün məxsusi müflisləşmə və iflas qaydalarının nəzərdə tutulması qanunu daha təkmil edərdi.