SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Tikintiyə icazəni necə asanlaşdırmalı?
Bəkir Nərimanoğlu - http://transparency.az/ (28 oktyabr 2015).
Dünya Bankı Qrupunun biznes mühitini qiymətləndirən “Doing Business-2016” hesabatında Azərbaycan 189 ölkə arasında 63-cü yerdə qərar tutur. Ölkənin nisbətən üstün mövqeyi əsasən biznesə başlama, tikinti üçün icazələrin alınması və kiçik investorların müdafiəsi kimi üç sahədə aparılan islahatlarla izah olunur.

Bununla belə, tikinti üçün icazələrin alınması indikatorunda Azərbaycan geridə qalır, 189 ölkə arasında 114-cü yerdədir. Hesabata görə, tikintiyə icazə günlərinin ayı 203-dür. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının göstəricilərindən 51 gün, Avropa və Mərkəzi Asiyanın göstəricilərindən isə 27 gün çoxdur. Prosedurların sayı da (18) uyğun beynəlxalq göstəricilərdən müvafiq olaraq 6 və 3 prosedur artıqdır.

Azərbaycan hökumətinin tikintiyə icazələrin sadələşdirilməsi ilə bağlı təşəbbüsləri az olmayıb. Məsələn, prezident İlham Əliyevin sahibkarlığın inkişafına yönəlmiş 3 mart 2014-cü il fərmanında tikintiyə icazələrin verilməsi ilə bağlı bənd var: dövlət qurumlarına tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlamaq tapşırılıb. Dövlət başçısının 27 oktyabr 2015-ci ildə imzaladığı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması fərmanında da tikintilərə icazələrin verilməsinə toxunulur. Fərmanda hökumətə çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlamaq tapşırılıb. Eyni məsələ ilə bağlı iki fərman bu sahədə islahatların yetərli olmadığını göstərir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsi təkmilləşdirilməlidir: “Tikintiyə icazənin verilməsi normaları tikinti obyektlərinin təsnifatına əsaslanaraq dəqiqləşdirilməli, məcəllənin digər normativ aktlarla (müxtəlif qaydalarla) bağlantısı dəqiq və aydın göstərilməlidir”.

Tədqiqatda qeyd edilir ki, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişləndirilməlidir: “Tikintiyə icazələrin alınması prosedurları obyektlərin təsnifatına arxalanmalı və müvafiq veb-resursda əks etdirilməlidir. Sahibkar bu və digər obyektin tikintisinə başlayarkən dəqiq məlumatı əldə etmək imkanına malik olmalıdır: hansı prosedurlardan keçmək gərəkdir, bu prosedurlara nə qədər vaxt gedəcək, rüsumlar hansı səviyyədədir… Əgər bu və ya digər layihələndirmə şirkəti bu və ya digər növ tikinti obyektinin layihələndirilməsi üzrə lisenziyaya malikdirsə, hazırlanmış layihə təkrar ekspertizalara məruz qalmamalıdır”.

Tədqiqatda bu təkliflər yer alır:

- Eyni dövlət qurumuna müraciətlərin sayı azaldılmalıdır;

- vahid pəncərə sistemi tətbiq edilməlidir;

- əsassız qiymətlər (rüsumlar) endirilməlidir;

- prosedurlarla əlaqəli günlərin sayı azaldılmalıdır.