SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Biznesə başlamalı?
Bəkir Nərimanoğlu - http://contact.az/ (21 oktyabr 2015).
Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı sahibkarlığın inkişafı fərmanında nəzərdə tutulan məsələlərdən biri də “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatın prosedur və müddətlərinin azaldılması idi. Transparency.az İqtisadiyyat və Sənaye Nazirliyinə ötən müddət ərzində nə iş görüldüyü ilə bağlı müraciət edib.

Nazirlikdən deyiblər ki, sahibkarlıq fəaliyyəti subyektlərinin elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün Nazirlər Kabinetinin 8 sentyabr 2014-cü il qərarı ilə "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması qaydaları"nda dəyişiklik edilib, elektron imzanın alınması üçün maksimum müddət 2 gündən 1 günə azaldılıb.

Ancaq bu addım Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Doing Business” hesabatında “Biznesə başlama” indikatoru üzrə Azərbaycanın mövqeyinə müsbət təsir göstərməyib. 2015-ci ildə Azərbaycanın mövqeyi bu istiqamət üzrə 1 pillə geriləyərək 12-ci sıraya keçib. Prosedurlar 2014-cü ildəki kimi 3-dür, qeydiyyat isə 7 gündən 5 günə enib.

Vergilər Nazirliyinin məlumatına görə, “Biznesə başlama” indikatorunda Azərbaycan üçün müəyyən edilmiş “Etalon qanunvericiliyə yaxınlıq” indeksi keçmiş hesabata nisbətən 95,30%-dən 95,54%-dək yüksəlib: “Bu da ölkəmizdə qeydiyyat sisteminin kifayət qədər yüksək standartlara uyğun olduğunu göstərir”.

Nazirlikdən bildiriblər ki, qeydiyyat sisteminin təkmilləşməsi sahəsində hazırda aparılan işlər növbəti hesabatlarda qeydiyyat prosedurlarının vaxt və xərc tutumu maddələrinin daha da azalacağını şərtləndirir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatını 2008-ci ildən bəri Vergilər Nazirliyi “bir pəncərə” prinsipi əsasında aparır. Nazirlikdən verilən məlumata görə, həmin dövrdən 2014-cü ilin mart ayının 1-dək vergi orqanları 355 mindən artıq sahibkarlıq subyektini, o cümlədən 33 mindən artıq kommersiya hüquqi şəxsi və 321 mindən artıq fiziki şəxsi “bir pəncərə” prinsipi əsasında qeydiyyata alıb.

“E-qeydiyyat” sisteminin tətbiqi 2011-2012-ci illərdə mərhələlərlə həyata keçirilib. 2011-ci il iyulun 1-dən fərdi sahibkarlar üçün “e-qeydiyyat” sisteminin tətbiqinə başlanıb, bununla əlaqədar normativ-hüquqi aktlarda hər hansı dəyişikliyə zərurət olmayıb.

İkinci mərhələdə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər üçün qeydiyyatdan əvvəlki prosedurlara olan bir sıra tələblər tamamilə aradan qaldırılıb, onlara elektron imzadan yararlanmaqla, qeydiyyat orqanına baş çəkmədən sənədləri təqdim etmək imkanı yaradılıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin dövlət qeydiyyatının elektron üsulla aparılması prosesinə 2012-ci il fevralın 6-dan start verilib.

İqtisadçı ekspert Kənan Aslanlı deyir ki, dünya təcrübəsindən çıxış edərək Azərbaycan üçün müəyyən nəticələr çıxarmaq olar: “Birincisi, ya elektron imza ilə bağlı tələb ümumiyyətlə ortadan qaldırılmalı, ya da burada Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında vahid e-imza ilə bağlı koordinasiya olmalıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklik edilməli, adi elektron dövlət qeydiyyatı anlayışı bütün növ hüquqi şəxslər üçün sürətli elektron dövlət qeydiyyatı anlayışı ilə əvəz olunmalı və qeydiyyat müddəti 3 gündən 1 günə endirilməlidir. Belə olan halda hüquqi şəxslərin və fərdi sahibkarların “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı həm prosedurların və həm də müddətin azalmasına (5 gündən 3 günə qədər) nail olmaq mümkündür”.