SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Kapital bazarı niyə inkişaf etmir?
Bəkir Nərimanoğlu - http://news.tvpress.az/ (27 noyabr 2015).
Bu ilin 10 ayında keçən ilin müvafiq dövrünə nisbətən səhm bazarı 39 faiz azalaraq 619 milyon 387 min 334 manat olub. Bazarda keçən ilin yanvar-oktyabr aylarında 4 min 951, bu ilin eyni dövründə isə 3 min 396 əqd bağlanıb.

Ən çox azalma (72 faiz) səhmlərdə ilkin bazar üzrə olub. Təkrar bazarda isə artım 7.1 dəfə olsa da, bu, ümumi azalmaya təsir etməyib.

Korporativ qiymətli kağızlar bazarının digər komponenti dövlət istiqrazlarında 78 faiz azalma olub.

Qeyri-investisiya aləti ipoteka kağızının qeydiyyatı isə 30 faiz azalaraq 1710 ədəd olub.

Əslində hökumət kapital bazarını, o cümlədən səhm bazarını genişləndirmək üçün proqramlar həyata keçirir. Bəs niyə bu sektor inkişafdan qalır? Və ya şirkətlər niyə listinqdən qaçır?

Listinq – şirkətin qiymətli kağızlarının (səhm və istiqraz) fond birjalarında satışa çıxarılması və ticarətinin təşkilidir. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, listinqin bir sıra üstünlükləri var. Həmin üstünlüklərə aşağıdakıları misal gətirmək mümkündür.

Uzunmüddətli kapital cəlb edilməsi – listinq biznesin genişləndirilməsi məqsədilə yeni investisyaların maliyyələşdirilməsi üçün tələb olunan uzunmüddətli kapitalın cəlb edilməsinə imkan verir;

Yeni investorlara çıxış – şirkətin qiymətli kağızlarının listinq olunması bu qiymətli kağızları bankların, sığorta şirkətlərinin, beynəlxalq investorların və geniş ictimaiyyətin almasına şərait yaradır;

Müsbət imicin formalaşması – listinqdə olan şirkət haqqında məlumatlar geniş ictimaiyyət tərəfindən maraqla qarşılandığı üçün mütəmadi olaraq mediada şirkət haqqında mühüm xəbərlər və elanlar işıqlandırılır. Bu səbəbdən belə şirkətlər digərləri ilə müqayisədə daha yüksək imicə malik olur. Şirkət haqqında məlumatları ictimaiyyətin asanlıqla izləyə bilməsi müştərilərdə, investorlarda və təchizatçılarda ona etibarı artırır;

Likvidlik və təkrar bazar – listinq olunan şirkətin səhmləri təkrar bazarda ilkin səhmdarlardan digər investorlara satıla bilər. Təkrar bazarın mövcudluğu qiymətli kağızlar üçün asan ticarət imkanı – likvidlik yaradır. Belə bir imkanın olması şirkətin kağızlarını investorlar üçün daha da cəlbedici edir.

İşçilərin motivasiyası – listinq şirkətin səhmlərini işçilərə mükafat kimi verməyə imkan yaradır. Şirkətin səhmlərinə sahib olan işçi dividend ödənişlərindən və səhmlərin qiymət artımından əlavə gəlir əldə edir. Buna görə də o, şirkətin inkişafında daha çox maraqlı olur.

Şirkətin bazar dəyərinin müəyyən olunması – listinq olunan şirkət haqqında məlumatlar ictimaiyyətə açıq olduğundan qiymətli kağızlar bazarının peşəkar iştirakçıları onu mütəmadi dəyərləndirə bilir. Səhmlərin davamlı olaraq qiymətləndirilməsi şirkətin bazar dəyərini müəyyən etməyə imkan yaradır.

Bu üstünlükləri nəzərə alsaq, sual yaranır ki, Azərbaycanda şirkətlər niyə listinq olunmaqdan qaçır?

Əsas səbəb kimi səhmdar cəmiyyətlərin hesbatlılıqdan yayınmasını göstərmək olar. Listinq olunan şirkət Bakı Fond Birjasına da hesabat təqdim etməlidir.

Səhm məsələləri üzrə ekspert Hafiz Babalı da hesab edir ki, şirkətlər hesabatlılıqdan yayınmaq üçün listinq olunmurlar: “Şəffaflıq və hesabatlılıq – bu iki tələbə əməl etmədən listinq olunmaq mümkün deyil. Maliyyə resursuna ehtiyacı olan şirkətlərin əksəri gəlirini gizlədir, ya da xərcini şişirdir, nəticədə rəsmi mənfəəti ya olmur, ya da cüzi olur. Bu azmış kimi, rəsmi dividend verən şirkətlər də çox azdır. Bu halda ağlı başında olan hansı investor listinq iddiasında olan şirkətin səhmini, istiqrazını alar?”