SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 16 Noyabr 2018, Cümə
media
Kreditdə tərpəniş anonsları - KREDİT BÜROLARI GƏLİR
Bəkir Nərimanoğlu - http://fins.az/ (26 noyabr 2015).
Biznes mühitini qiymətləndirən beynəlxalq ekspertlər hesab edir ki, kreditə əlçatanlıq baxımından Azərbaycanın mövqeyi pisləşib. Dünya Bankı Qrupunun hazırladığı “Doing Business-2016” hesabatına görə, bu indikator üzrə Azərbaycan 4 pillə geriləyərək 189 ölkə arasında 109-cu olub. Belə zəif göstərici həm də kredit bürolarının yoxluğundan doğur.

Prezident İlham Əliyevin 2014-cü il martın 3-də sahibkarlıqla bağlı imzaladığı fərmana əsasən, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmalıdır. Həmin fərmandan sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin açıqlamasında qeyd olunmuşdu ki, atılacaq əsas addım kredit bürolarının yaradılması olacaq. Nazir demişdi ki, “Özəl kredit büroları haqqında” qanun layihəsi hazırlanır, hüquqi və fiziki şəxslərin kredit tarixçəsini aparan özəl kredit büroları qurulacaq.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, kredit bürosu risklərin azalmasına və kreditlərin həcminin genişlənməsinə gətirib çıxaracaq. Hazırda kredit təşkilatları mümkün risklərdən tam sığortalanmır. Mərkəzi Bankın kredit reyestrinə yalnız bank və mikromaliyyə institutları müraciət edə bilir. Kreditlə mal satan mağazalar, lizinq şirkətləri və digər təşkilatlar bu imkandan məhrumdur.

Kredit bürosu nədir?

Kredit bürosu kredit alan və ya almaq üçün müraciət edən müştərilər barədə banklardan məlumatlar toplayır və əldə edilən məlumatları emal edir, ümumiləşdirir və qruplaşdırır, müştərilər barədə kredit hesabatlarını (tarixçəsini) banklara satır. Kredit bürosunun iş prinsiplərini qarşılıqlı əlaqə-məlumat mübadiləsi, məlumatların etibarlılığı və həqiqiliyi, neytrallıq, məlumatların maksimum səviyyədə təhlükəsizliyi təşkil edir.

Büro hüquqi və fiziki şəxslərin keçmiş və cari kreditləri barədə bütün məlumatların saxlandığı bir təşkilatdır. O, potensial borc götürənlər barədə kredit təşkilatının məlumatlılığını artırır və kreditin qaytarılması barədə daha dəqiq proqnozlar verməyə imkan yaradır.

Bu qurumlar bir növ borc götürənlər üçün nizam-intizam mexanizmi rolunu oynayır və burada yaxşı kredit tarixçəsi nüfuzlu təminat deməkdir. Həmçinin kredit bürosu kredit təşkilatlarının müştərilərin üzərinə qoyduqları informasiya xərclərini azaltmağa kömək edir, müştərilərə göstərilən xidmətin keyfiyyətini artırır və bunun nəticəsində də kredit təşkilatları üçün yeni və pozitiv müştərilər cəlb edir.

Kredit bürosunun potensial xidmətlərinə müştərinin kredit tarixçəsi barədə məlumatın verilməsi, fırıldaqçılığın qarşısının alınması xidmətləri, mümkün fırıldaqçılıqla bağlı xəbərdarlıq, kredit üçün müraciət zamanı mümkün yanlış məlumatlar barədə xəbərdarlıq, borc götürənin kredit davranışının izlənməsi xidməti, əməkdaşlıq strukturunun izlənməsi, müştəri portfelinin nəzərdən keçirilməsi, müştəri portfelinə dair statistik məlumatların alınması, müştərinin ehtiyacları nəzərə alınmaqla büronun qiymətləndirməsi, zəmanətlər barədə məlumatın verilməsi, zəmanətlərin saxlancı daxildir.

Maliyyə sektorunun genişləndirilməsində kredit bürolarının rolu kreditlərə daha ekstensiv və qərəzsiz çıxış imkanı yaratmaqdır. Bundan başqa büro kredit təşkilatları ilə borc götürənlər arasında olan məlumat fərqlərini azaldır, kreditlərə çıxış imkanını artırır və etibarlı borc götürənlərə kreditlərin verilməsi ilə bağlı xərcləri aşağı salır.

Büronun təklif etdiyi xidmət sayəsində irihəcmli kreditlərin verilməsinin qarşısı alınır. Qurum müştərinin bütün kreditlərini qiymətləndirməkdə kredit təşkilatlarına yardım edir və müvafiq şəxsin kredit götürmə potensialını qiymətləndirir.

Kredit qiymətləndirilməsinin və avtomatlaşdırılmış kreditləşdirmənin tətbiq edilməsi pərakəndə və kiçik və orta sahibkarlara verilən kreditlər zamanı əməliyyat xərclərinin aşağı salınmasını, mənfəətin yüksəlməsini təmin edir.

Kredit bürosu nə vaxt yaradılacaq?

Artıq bir neçə ildir ki, büroların yaradılması ilə bağlı müzakirələr gedir. Mərkəzi Bankdan bildirirlər ki, özəl kredit bürolarının fəaliyyətinə imkan verən qanunverici bazanın formalaşdırılması istiqamətində işlər davam etdirilir. Müvafiq qanun layihəsi hazırlanmaqdadır.

Kredit bürolarının fəaliyyətinə təsir edəcək iki mühüm qanun layihəsi üzərində iş başa çatdırılıb. Söhbət “Fərdi məlumat bazasının yaradılması haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihələrindən gedir. Fins.az-a açıqlama verən Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin sözlərinə görə, hər iki sənəd Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb: “Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankı da daxil olmaqla dövlət qurumları bu sənədlərlə bağlı rəyini bildirəcək və hər iki qanun layihəsi yeni Milli Məclisin ilk iclaslarından birinin gündəliyinə salınacaq”.

Zakir Nuriyev deyir ki, 1-ci qanun layihəsi müştərilər və banklar, başqa sözlə, borcalanlar və borcverənlər arasında mübahisələrin qarşısının minimum həddə endirilməsinə, 2-ci qanun layihəsi isə daşınar əmlak girovluğu ilə kredit verilməsinə, başqa sözlə, kreditləşmə üçün əlavə imkanların yaradılmasına hesablanıb.