SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Yoxlamalar dayandırıldı: bəs 2 il sonra nə olacaq?
Bəkir Nərimanoğlu - http://www.contact.az/ (27 noyabr 2015).
Sahibkarlıq sahəsində yoxlamalar bu il noyabrın 1-dən 2 il müddətinə dayandırıldı. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanında müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.

Sual yaranır: bəs 2 il sonra? Yəni yoxlamalar sahibkarlığa maneədirsə 2 ildən sonra niyə bərpa ediləcək?. Əslində nə dəyişməlidir?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, yoxlamalar dövlətin sahibkarlara münasibətdə əsas tənzimləmə alətidir. Yoxlamalar sahibkarları öz fəaliyyətlərini, çalışdıqları bu və ya digər ölkədə icbari olan standartlar əsasında aparmağa məcbur edir. Lakin yoxlama sayının ifrat dərəcəyə yüksəlməsi bu tənzimləmə alətini özəl sektorun inkişafı üçün ciddi maneəyə çevirir.

Tədqiqatda deyilir ki, əgər sahibkar qanunları yaxşı bilirsə, o yoxlamalar zamanı daha az problemlə üzləşəcək: “Tədqiqat göstərir ki, öz hüquq və vəzifələrini, eləcə də müfəttişin səlahiyyətlərini yaxşı bilən sahibkarlar başqalarından daha az yoxlamalara məruz qalırlar. Araşdırma, reyd, baxış, nəzarət, monitorinq əslində yoxlama funksiyasının müxtəlif adlarıdır”.

Tədqiqatlar göstərir ki, Azərbaycanda demək olar ki bütün müəssisələr yoxlamalara bu və ya digər şəkildə məruz qalmaqdadır. Buna baxmayaraq, keçirilən sorğunun da nəticələri təsdiq edir ki, təxminən 20 faizə yaxın müəssisə yoxlamalarla üzləşməmişdir. Bu müəssisələrdə fərdi müsahibələr zamanı aydın olmuşdur ki, onlar ay ərzində dəfələrlə müxtəlif orqanlar tərəfindən, araşdırma, reyd, baxış, nəzarət, monitorinq və s. adları altında olub, mahiyyətində yoxlama olan prosedurlardan keçməyə məcbur edilirlər.

İslahatlar hansı yöndə olmalıdır? 

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, kənar audit intsututlarının fəaliyyəti genişləndirilməlidir: “Onların vasitəsilə müstəqil yoxlamaların təşkili sahibkarların öhdəliklərinin vaxtında və tam şəkildə yerinə yetirilməsi üçün düzgün yanaşma olardı. Dövlət orqanlarının yoxlamalarına gəlincə müstəqil məhkəmə hakimiyyətinin mövcud olduğu şəraitdə onun sahibkar üçün təhlükəsini neytrallaşdırmaq mümkündür. Odur ki, bu istiqamətdə islahatlar həm kənar audit institutunun və həm də müstəqil məhkəmə hakimiyyətinin formalaşması ilə bərabər getməlidir”.

Qubad İbadoğlu deyir ki, vergi öhdəliklərinin hüquqlarının qorunması istiqamətində də ictimai təşəbbüslər genişlənməlidir: “Bu istiqamətdə ixtisaslaşmış ictimai təşkilatlar vasitəsilə vergi orqanları və ödəyiciləri arasında müntəzəm fəaliyyət göstərən dialoq platforması qurulmalıdır. Butun bu islahatlar ümumi vergi amnistiyasi həyata keçiriləndən sonra başlanılmalı və vergi yoxlamalarına moratirum qoyulması ilə müşahidə olunmaldır. Hesab edirəm ki, 2 il bu istiqamətdə islahatlaırn uğurla aparılması üçün yetərli zamandır. Yoxsa yalnız yoxlamaların dayandırılması problemin həllinə töhfə verə bilməyəcək”.

İqtisadçı ekspert Natiq Cəfərli də deyir ki, əgər bu cür yoxlamalar məhdudlaşdırılırsa, niyə məhdudiyyət bir müddət qoyulur: “Niyə birdəfəlik ləğv olunmur, qanunsuz yoxlamalar aparan qurumların funksiyaları əllərindən alınmır? Bu suallar, təəssüf ki, açıq qalır. Və belə bir durum iş adamları arasında qarışıqlıq yaradır və onlar bu məsələ ilə bağlı hökumət tərəfindən doğru-dürüst məlumatlandırılmır da”.

Ekspert sual edir ki, iş adamı yoxlamanın qanunsuz olub-olmadığını necə müəyyənləşdirməlidir: “Bütün bu mexanizmlər açıq qalır. Sadəcə, insanların qulağına xoş gəlsin deyə, seçkiöncəsi bir pozitivlik yaransın deyə, belə bir məsələ gündəmə gətirilib və heç bir ictimai müzakirə olmadan Milli Məclis, dili çox çətin, anlaşılmaz olan, boşluqlarla dolu bir qanun qəbul edib. Bu suallar öz cavabını tapmasa, mexanizm işlənməsə, qanun da işləməyəcək”.