SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
ÜTT-yə gec üzvlük əlavə öhdəlik deməkdir
Bəkir Nərimanoğlu - http://www.contact.az/ (22 dekabr 2015).
Azərbaycanın üzv olmaq ən çox danışıq apardığı qurum Ümumdünya Ticarət Təşkilatıdır(ÜTT). Gecikməyə baxmayaraq hələ də rəsmi Bakı təşkilata üz olmağa hazır olmadığını bildirir. Bu il dekabrın əvvəlində xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib: «Biz lazımi sənədləri, hələlik, təqdim etmədiyimiz üçün Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi uzanır».

Nazir müavini Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məsələsinin nə yerdə olduğuna diqqət çəkib: «Sonuncu görüş bu ilin fevralında olub. Onlar qarşımıza suallar, təkliflər qoyublar. Bəzi məsələlərdə bizdən tariflər istəyirlər. Biz hələlik cavab verməmişik. Hələ ki, sənədlər yoxdur. Biz hələ danışıqlara hazır deyilik. Onların istədikləri sənədləri hazırlayanda vaxt təyin edəcəklər, işçi qrupunun görüşü olacaq, ikitərəfli danışıqlar aparılacaq. Bizim məqsədimiz odur ki, əvvəlcə iqtisadiyyatımızı şaxələndirək, sonra danışıqlar aparaq».

EKSPERT: «ÜTT-YƏ ÜZVLÜK İSLAHATLAR TƏLƏB EDİR»

İqtisadçı ekspert Natiq Cəfərli Mahmud Məmmədquliyevin «lazımi sənədləri təqdim etmədiyimiz üçün Azərbaycanın ÜTT-yə üzvlük məsələsi uzanır» fikrinə belə şərh verib: «ÜTT ilə danışıqlarda məsul şəxs kimi səmimi etiraf edir ki, biz özümüz bu məsələni uzadırıq, istənilən sənədləri vermirik, hazırlamırıq. Azərbaycan ÜTT-yə üzv olmaq üçün 1997-ci ildə müraciət edib».

Ekspert xatırladır ki, Gürcüstan və Ermənistan 10 ildən çoxdur, Rusiya 2 ildir, Qazaxıstan isə bu ildən ÜTT üzvüdürlər: «Azərbaycan hökuməti bu işi bilərəkdən uzadır, məqsəd də aydındır: ÜTT üzvlüyü gömrük və vergilərdə, məhkəmə sistemində bəlli islahatlar, normal, sivil oyun qaydaları tələb edir. Bizimkilər feodal oyun qaydalarından əl çəkmək istəmirlər, gömrükdəki dərəbəyiliyin davamını istəyirlər ki, qaz vurub qazan doldursunlar».

Sözügedən quruma üzvlüyü yubatdıqlarını daha əvvəllər də hökumət rəsmiləri, hətta prezident İlham Əliyev açıqca bildirib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunmuş konfransda (5 fevral 2014-cü il) prezident söyləmişdi ki, Azərbaycanı təkidlə ÜTT-yə üzv olmağa dəvət etsələr də, yerli istehsalın müdafiəsi naminə buna gedilmir.

«RƏQABƏT DAHA DA ÇƏTİNLƏŞƏCƏK»

ÜTT məsələləri eksperti Elxan Mikayılov deyir ki, Azərbaycan təşkilatdan kənarda qaldığı müddətcə təşkilata üzv ölkələrin istehsalçıları beynəlxalq bazarlarda üstünlük qazanırlar: «Bazar paylarını əldə edirlər. Sonralar Azərbaycan istehsalçılarının onlarla rəqabət aparması daha da çətinləşəcək».

Ekspert buna da diqqət çəkir ki, Azərbaycanın qanunvericiliyi ÜTT sənədlərinə uyğun gəlmədiyindən, investorlar başqa ölkələrə vəsait yatırırlar:

«Azərbaycan öz üzvlüyünü gecikdirdikcə, üzvlük tələbləri daha da artacaq. İndi sürən çoxtərəfli danışıqlar, çox güman, yeni sazişlərin qəbulu ilə nəticələnəcək və Azərbaycan üzvlüyə qəbul olmazdan əvvəl bunlara da əməl etməli olacaq. Və bu, Azərbaycanın təşkilata qəbulunu daha da çətinləşdirəcək və gecikdirəcək».

İQTİADİYYATDA RƏQABƏT FORMALŞACAQ

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, Azərbaycanda yüksək inhisarçılıq idxalda da, daxili bazarda da özünü açıq göstərir və bundan istehlakçılar və xırda istehsalçılar əziyyət çəkir: "Gömrük qeydiyyatından yayınan mallar milli bazara daxil olduqca qeyri-sağlam rəqabət mühiti formalaşır. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünün bu vəziyyəti müsbət istiqamətə dəyişəcəyi şübhə doğurmur. Üzvlüyün Azərbaycana əsas təsirlərindən biri idxalın artması nəticəsində daxili bazarda mal və xidmət təklif edənlərin sayının, nəticədə həm də rəqabətin artmasıdır. Lakin rəqabətin artması hələ rəqabət mühitinin formalaşması demək deyil".

Tədqiqatda deyilir ki, Dünya Ticarət Təşkilatına üzvlük rəqabət mühitinin yaranmasına bir neçə faktor vasitəsilə təsir edəcək: "Qanunvericilik təkmilləşəcək, məhkəmə sistemi və bazar metodları ilə tənzimləmənin keyfiyyəti artacaq, korrupsiya, bürokratik əngəllər azalacaq, tənzimləmənin şəffaflığı və mülkiyyət hüquqları qorunacaq, idxalın artması nəticəsində geniş çeşidli, keyfiyyətli və ucuz məhsullar bazarda geniş yayılacaq.

Fikirlər səslənir ki, idxalın artması, ucuz və keyfiyyətli məhsulların çoxalması yerli istehsalçıları bazardan sıxışdıra bilər. Lakin üstünlüklər təhlükələrdən çoxdur. Xüsusilə biznes xərclərinin azalması, ölkəyə ucuz qiymətə yeni texnologiyaların gətirilməsi yerli sahibkarların xərclərə qənaət hesabına yeni texnologiyalar əldə etməsinə, bazara daha ucuz və keyfiyyətli məhsullar çıxarmasına səbəb olacaq ki, bütün bunlar da nəticədə rəqabəti artıracaq.

Rəqabətə tab gətirmələri üçün yerli sahibkarların görəcəyi əsas iş ixtiyarlarında olan insan resurslarının bilik və bacarıqlarını artırmaq, onların yeni texnologiyaları və istehsal metodlarını idarə edə bilməsinə nail olmaqdır. Bazarda məhsul və xidmət təklif edənlərin sayının artması inhisarçılığın azalmasına gətirib çıxaracaq. Bu özünü daha çox idxaldakı inhisarçılığın zəifləməsində göstərəcək. Dünya Ticarət Təşkilatına üzvlükdən sonra hansısa ölkədən gələn malın idxalına əsassız maneə yaradılanda həmin ölkənin hökuməti Azərbaycan hökuməti ilə problemin aradan qaldırılması üçün danışıqlar aparacaq. Bu da nəticə vermədikdə həmin xarici dövlət Dünya Ticarət Təşkilatının mübahisələrin həll edilməsi qurumuna müraciət edəcək. Bu qurum Azərbaycan hökumətini problemin aradan qaldırılmasına məcbur edəcək, əks halda üzvlük məsələsinə yenidən baxıla bilər".