SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Son standartlar avtomobil ticarətinə necə təsir edəcək?
Xəyalə Coşqun - http://news.atv.az/ (14 dekabr 2015).

“Artıq ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırılandan sonra dövriyyəyə buraxıla bilər”. Bunu ATV.az – a açıqlamasında iqtisadçı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, standartların qəbulu avtoservislərin problemini həll etmir: “Nazirlər Kabineti ötən ayın sonunda avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələrini təhlükəsizliyi təmin olunmalı məhsulların siyahısına daxil edib. Əgər xatirinizdədirsə, bir müddət əvvəl “Avtomobil nəqliyyatı vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları və sahələri“ sahə standartı təsdiq edilib. Standart Azərbaycan Respublikasının ərazisində avtomobil nəqliyyat vasitələri və onların hissələri ilə əlaqədar texniki xidmətə (texniki qulluğu və təmiri) dair ümumi tələbləri və texniki xidmət qaydalarını müəyyən edir.

Son standartdan əvvəl bu sahə ilə bağlı iki standart olub: AZS SТB 960-2013 (Nəqliyyat vasitələrinə texniki xidmət və təmir. Ümumi təhlükəsizlik tələbləri) və AZS SТB 1175-2013 (Avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmətlər). Çox təəssüf ki, bu gün ölkəmizdə fəaliyyət göstərən avtoservislərin böyük bir hissəsi standartlara və qanunvericilik tələblərinə əməl etmədən, vergi orqanlarında müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Fəaliyyətə başlamaq üçün Nəqliyyat Nazirliyinin strukturuna daxil olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən xüsusi icazə (rəy) almalı olan avtoservislərin fəaliyyətinə nəzarəti Nəqliyyat Nazirliyi həyata keçirir. Qanunvericiliklə rəyin verilməsi ödənişsizdir.

Standartlara və Nazirlər Kabinetinin müvafiq qərarlarına görə, avtoservis bütün sifarişləri rəsmiləşdirməli, hər bir sifarşçı ilə müqavilə bağlamalı və gördüyü təmir işinin keyfiyyətinə zəmanət verməlidir. Bunlar bir tərəfə, hazırda avtoservislərdə ən sadə tələblərə belə əməl olunmur: Məsələn, NN-dən alınmış rəyin surətinin, göstərilən xidmətlərin, iş rejiminin avtoservisdə asılması kimi minimum tələblər”. 

İqtisadçı həmçinin qeyd etdi ki,  2014-cü ilin rəsmi statistik məlumatına görə, ölkəmizdə 1 milyon 291 min nəqliyyat vasitəsi var ki, onun da 1 milyon 100 minini minik avtomobilləri təşkil edir: “Avtoservislərin sayı isə 8 minə yaxındır. Ancaq bu gün maşını olan hansı sürücüdən yaxşı avtoservis soruşsan, cavab verməyə çətinlik çəkəcək. Bu sahədəki problemlər illərlə üst-üstə yığılıb, onlara nəyinsə xatirinə göz yumulub, çox qiymətli vaxt itirilib. İndi iqtisadi böhranının qapıda olduğu bir vaxtda birdən-birə bu satndartların tətbiqinə çalışılsa, o avtoservislərin 90%-i bağlanacaq. Məncə, standartları hissə-hissə tətbiq etmək, daha sadə standartlardan, daha az vəsait tələb edəndən başlayıb mərhələ-mərhələ həyata keçirmək lazımdır”.