SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Avtoservis xidmətini necə təkmilləşdirmək olar?

Bəkir Nərimanoğlu - kapitalinfo.az

13 aprel 2015. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində avtoservislərlə bağlı apardığı tədqiqat maraqlı tapıntıları ortaya çıxarıb. Tədqiqat çərçivəsində seçilmiş kiçik avtoservis müəssisələrində aparılmış sorğunun əsas nəticələri avtoservislərin gölgə iqtisadiyyatının bir parçasına çevrilməsi, qeydiyyatdan, vergi və ödənişlərdən yayınması, bu sahədə qeyri-rəsmi ödənişlərin mövcudluğu, avtoservislərdə çalışan ustaların bilik və bacarıqlarının aşağı olmasıdır.

Əsas problemlərdən biri kimi avtoservislər üçün potensial kadr hazırlığı ilə məşğul olan texniki peşə təhsili verən tədris müəssisələrinin movcud ağır durumudur. Belə məktəblərin maddi-texniki bazasının zəif olması, hələ də köhnə tədris vasitələrindən - ədəbiyyatlradan və əyani vasitələrdən istifadə olunması, müəllimlərin hazırlığının aşağı səviyyəsi, biliklərinin müasir tələblərə cavab verməməsi kadr hazırlığı sahəsində vəziyyətin ürəkaçan olmaduğunun təzahürüdür.

Dövlət Satatistika Komitəsinin rəsmi məlumatına görə, 2013-cü ildə ölkəmizdə 7 772 avtoservis fəaliyyət göstərib. Bu avtoservislərdə 20 962 nəfər əmək fəaliyyəti ilə məşğul olub. Əhaliyə göstərilən xidmətin (işin) həcmi isə 253 347.7 min manat olub. Bu statistik rəqəmlər iqtisadiyyatın qeyri-formal sektorunda fəaliyyət göstərən avtoservisləri də əhatə edir. Lakin kölgə iqtisadiyyatında çalışanlarla bağlı ayrıca statistika açıqlanmır. Bütün hallarda avtoservislərin sayı, orada çalışanlar və onların göstərdikləri pullu xidmətlərlə bağlı rəsmi statistika movcud vəziyyəti düzgün əks etdirmir.

İTM-nin rəsmi sorğusuna cavab olaraq DSK-nın təqdim etdiyi məlumatların təhlilindən çıxan nəticələrə görə, 2013-cü ildə ölkəmizdə fiziki şəxslərə məxsus avtoservislərin sayı 7 575, hüquqi şəxslərə məxsus avtoservislərin sayı isə 197 olub. Respublika üzrə vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət göstərilməsi ilə məşğul olan sahibkarlıq subyektlərində çalışanların sayı müvafiq olaraq 18 631 nəfər və 2 331 nəfər olub. Əhaliyə göstərilən xidmətin (işin) həcmi isə müvafiq olaraq 242 075,1 min manat və 11 272,6 min manat olub.

 

Avtoservislərdə çalışan kadrların hazırlığı vəziyyəti

İTM-nin eksperti, tədqiqat qrupunun rəhbəri Rəcəb İmanov deyir ki, əgər 15 il öncə sovet və Rusiya istehsallı maşınlar istisna olmaqla, xaricdə istehsal edilmiş avtomobillərin sahibləri daha çox “bu maşını harda təmir etdirmək olar” sualını verirdilərsə, 10 il öncə o sual “harda daha ucuz təmir etdirmək olar” sualı ilə əvəzlənmişdi: “5 il öncə isə biz daha çox “bu maşını harda daha keyfiyyətli təmir etdirmək olar” sualını daha tez-tez eşidirdik. Hazırda əksər avtomobil sahibləri keyfiyyətlə yanaşı daha rahat, komfortlu təmir yerləri axtarırlar. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda 2013-cü ilin əvvəlinə nəqliyyat vasitələrinin sayı 1 232 678 olub. Onun 1,048,806-nı (85.1%-ni) minik avtomobilləri təşkil edib. Digər bir statistik göstəriciyə, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, 2013-cü ilin sonuna bu rəqəm 1.245.677 vahid olub”.

Ekspert bildirir ki, son illər xarici minik avtomobillərinin xüsusi çəkisinin artması avtoservislərin peşəkarlığını şərtləndirməli idi: “Çox təəssüf ki, bu proses çox ləng gedir. Fəaliyyətləri daha çox nəzərə çarpan tanınmış xarici avtomobil markalarının iri servisləri istisna olmaqla kiçik sahibkarlıq subyektlərinə məxsus ənənəvi avtoservis müəssisələrində ustaların peşəkarlığı günün tələblərindən geri qalır. Tədqiqat daxilində kiçik avtoservislərdə çalışan ustalar (mütəxəssislər) arasında keçirilmiş sorğunun nəticələri də bunu sübut edir. Sorğuya cəlb edilmiş ustaların demək olar ki, hamısı sənəti hansısa ustanın yanında şagird durmaqla öyrəndiyini etiraf edib. Onların 75%-i son 3 ildə heç bir təkmilləşmə kursu keçmədiyini, 16.7%-i bu məqsədlə müvafiq ədəbiyyatlar mütaliə etdiyini, 8.3%-i isə texniki peşə məktəblərində kurs keçdiyini bildirib. Xarici avtomobil markalarının movcud servisləri mütəxəssislərinin xaricdə, təkmilləşdirmə kursu keçməsini, avtomobil istehsal edən zavodlarda texnoloji proseslə yerindəcə tanış olmalarını təmin edirlər. Eyni zamanda, belə servislərdə çalışan ustalara (mütəxəssislərə) vaxtaşırı təlimlər keçildiyindən onlar yeniliklərdən xəbərdar olmaq imkanı qazanırlar. Lakin kiçik avtoservislərdən fərqli olaraq belə servis mərkəzlərində qiymətlərin xeyli yüksək olması onların xidmətlərindən istifadə əmsalını aşağı salır”.

Ekspertlərin fikrincə, maşın ustaları hazırlamağın ən optimal yollarından biri bütün dünyada olduğu kimi sənət öyrdən texniki-peşə məktəblərinin bazasından faydalanmaqdır. Hazırda Azərbaycanda 100-dən çox texniki peşə təhsili verən təhsil müəssisələri olsa da (108 peşə təhsili müəssisəsi, o cümlədən 48 peşə liseyi, 1 peşə tədris mərkəzi və 59 peşə məktəbi ), onların maddi-texniki bazası həddən artıq köhnəldiyindən, eyni zamanda, tədris verən müəllimlərin təkmilləşdirmə kurslarına cəlb olunmaması səbəbindən belə təhsil ocaqlarında verilən təhslin heç bir praktiki əhəmiyyəti olmur. Son nəticədə, texniki-peşə məktəblərini bitirənlər də öz peşələrini usta yanında öyrənməli olurlar.

Ölkəmizdə Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafi üzrə Dövlət Proqramı (2007-2012-ci illər) icra olunsa da, çox təəssüf ki, daha çox tələbat olan peşələrdən biri kimi avtomexanik ixtisası üzrə texniki bazanın hər hansı əhəmiyyətli yenilənməsi müşahidə olunmayıb. Eyni zamanda, bu sahədə çalışan müəllim-ustaların əksəriyyəti qadınlardır. Çünki 150 manat maaşa heç bir kişi müəllim texniki-peşə məktəb və liseylərində çalışmaz. Müəllim-ustaların ixtisaslarının atrırılması məsələsi də maddi yetərsizlik ucbatından həyata keçirilmir.

Rəcəb İmanov avtoservislərlə bağlı aşağıdakı tovsiyələri verir:

- Avtoservislərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatdan keçməsi təmin olunmalı, onlar kiçik sahibkarlıq subyektləri kimi dövlət büdcsəinə və DSMF-ə ödənişləri həyata keçirməlidirlər.

- SMTDA-nın hazırladığı standartlarla bağlı avtoservislər məlumatlandırılmalı , onların fəaliyyətlərinin tədricən bu standartların tələblərinə qurulması həyata keçirilməlidir.

- Avtiservislərdə çalışanların və bu sənəti seçmək istəyənlərin dövrün tələblərinə uyğun təhsil almaları üçün mövcud texniki peçə təhsili verən tədris müəssisələrinin ilkiin olaraq bir neçəsinin maddi-texniki bazası gücləndirilməlidir. Eyni zamanda, tanınmış xarici markaların servis mərkəzlərində çalışanların müəllim kimi bu məktəblərdə tədris prosesinə cəlb olunması həyata keçirilməlidir. Paralel olaraq hazırkı müəllimlərin də tanınmış xarici markaların servis mərkəzlərində təkmilləşdirmə kursları keçməsi təmin olunmalıdır.

- Avtoservoislərdə çalışan işçilərlə əmək müqavilələrinin bağlanılması təmin olunmalıdır.