SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
Sahibkarı necə qorumalı?

Bəkir Nərimanoğlu - transparency.az

16 iyul 2015. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan iclasında sahibkarlara təzyiqlər məsələsinə toxunub: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Sahibkarlar dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa heç kimə 1 manat verməməlidirlər.”

Dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır.

Mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatında deyilir ki, bütün səviyyələrdə korrupsiya kiçik və orta biznesə hərtərəfli dağıdıcı təsir göstərir: “Mənfi təsirlər bütün sferalarda öz təsirini göstərir: kölgə iqtisadiyyatı güclənir, bazarın real rəqabət mexanizmi pozulur, bazar iştirakçılarının hakimiyyətin düzgün bazar qaydaları müəyyən etmək qabiliyyətinə inamı itir”.

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin 1000 sahibkar arasında apardığı sorğu nəticəsində məlum olub ki, dövlət orqanları içində sahibkarları il ərzində ən çox yoxlayan orqan Vergilər Nazirliyi, ən az yoxlama aparanlar isə MTN və rayon icra hakimiyyətləridir. Sahibkarları tez-tez yoxlayan orqanlar içərisində polis də ilk yerlərdən birini tutur.

İqtisadçı ekspert Natiq Cəfərlinin rəyinə görə, Azərbaycanda iş adamları, biznes çevrələri üçün illərdir xroniki hal alan problemlər korrupsiya və inhisarçılıqla bağlıdır: “Bundan başqa, nəzarətedici funksiyalara malik çoxlu sayda dövlət və hökumət orqanı biznesin işinə yersiz müdaxilələr edir. Son illər daha bir problem mülkiyyət toxunulmazlığının pozulması və məhkəmələrin ədalətli qərar verməməsidir. Bütün bu hallar iş adamlarının fəaliyyətinə ciddi mənfi təsirlər göstərir”.

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, təzyiqlərin qarşısını almaq üçün sahibkarların müdafiəsi istiqamətində yeni institutlar yaradılmalı və mövcud institutların fəaliyyətində dəyişiklik olmalıdır: “İlk növbədə sahibkarlar təşkilatlanmalı, onlar sektorlar üzrə dərnəklərdə birləşməli və təzyiqlərə qarşı birgə mübarizə aparmalıdır. Bununla yanaşı Sahibkarlar Konfederasiyasının rolu artırılmalıdır, onlar azad sahibkarlar vasitəsilə hökumətlə dialoq qurmalıdır.

İkincisi, sahibkarların müdafiəsi ilə məşğul olan ombudsman institutu yaradılmalıdır.

Üçüncüsü, məhkəmələrdə rüşvətxorluğun qarşısı alınmalı və onun müstəqilliyi artırılmalıdır.

Nəhayət, ən vacibi bazar iqtisadiyyatına keçid və liberallaşdırılma istiqamətində islahatlar aparılmalıdır. Tənzimlənən qiymətlərdən imtina edilməli, iri dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi sürətləndirilməlidir”.

Prezident İlham Əliyev iclasda təzyiqlə üzləşən sahibkara çıxış yolu da göstərdi: “Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar”.