SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 16 Noyabr 2018, Cümə
media
Mübahisə: Sahibkarın məhkəməyə qədər hansı seçimləri var?
Bəkir Nərimanoğlu - contact.az
18 iyun 2015. Sahibkarlıq subyektləri arasında mübahisələrin məhkəmə həlli heç də həmişə tərəflərin maraqlarına cavab vermir. Əsas problem odur ki, mübahisənin məhkəmə həlli tərəflər arasında konsesnsusun əldə olunmasına yönəlmir, hər zaman işi udan və uduzan tərəf var. Bu ona gətirib çıxarır ki, tərəflər bir qayda olaraq, işgüzar münsibətləri kəsirlər. Bundan əlavə, mübahisənin məhkəmədə baxılması onun operativ həllinə heç də həmişə imkan yaratmır. Eyni zamanda müdafiə prosesinə ixtisaslı hüquqşünasların cəlbi tərəflərə böyük maliyyə məsrəflərinə başa gəlir. Bu, xüsusilə əksər hallarda strukturunda ayrıca hüquq departamentləri olmayan kiçik və orta sahibkarlıq subyektləri üçün xarakterikdir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatda deyilir ki, bir çox xarici ölkələrdə mübahisələrin daha səmərəli həlli məqsədilə mübahisələrin həllinin alternativ üsullarından istifadə olunur: “Xarici ölkələrin təcrübəsində mübahisələrin həllinin alternativ üsullarının təsnifatı üçüncü şəxsin iştirakı və onun funksiyalarından (danışıqlar, vasitəçilik, arbitraj) asılı olaraq aparılır. Müxtəlif ölkələrdə mövcud olan fərqli təsnifatlardan çıxış edərək mübahisələrin alternativ həlli prosedurlarının bir çox növlərini sadalamaq olar: danışıqlar; vasitəçinin iştirakı ilə danışıqlar; arbitraj və ya münsiflər məhkəməsi, vasitəçilik; ekspertin müstəqil rəyi; mini-araşdırma; barışdırıcı icraat; özəl məhkəmə; “çoxqapılı məhkəmə”; məhkəmə konfransları; kompüter proqramları vasitəsilə danışıqlar və s”.

İTYİB-nin tədqiqatında deyilir ki, prosedur növlərinin çoxluğuna baxmayaraq, xarici ölkələrin təcrübəsində mübahisələrin həllinin əsas alternativ formalarına bir qayda olaraq, danışıqları, vasitəçiliyi və münsiflər məhkəməsini aid edirlər.

Danışıqlar. Mübahisələrin alternativ həlli üsulları sırasında danışıqlar mühüm yer tutur. Danışıqlar  mübahisənin kənar şəxslərin iştirakı olmadan bilavasitə tərəflərin özləri tərəfindən həlli formasıdır. Danışıqların köməyi ilə tərəflərin mövqeyini və arqumentlərini, ixtilafın predmetini müəyyənləşdirməyə, ixtilaf dərəcəsini azaltma cəhdlərini aşkar etməyə və problemin həllinə öz yanaşmanı müdafiə etməyə nail olmaq mümkündür. Danışıqların proseduru dövlət tərəfindən deyil, tərəflərin özləri tərəfindən müəyyən olunur. Lakin qanunvericilik məhkəməyə müraciətin ilkin şərti kimi danışıqlar mexanizminin tükənməsinin məcburiliyini (pretenziya qaydası)  nəzərdə tuta bilər. Vasitəçinin iştirakı olmadan və ya neytral vasitəçinin iştirakı ilə danışıqlar mürəkkəb konfliktin həllinin baha olmayan və kifayət qədər tez başa çatan üsuludur.

Bir sıra ölkələrin qanunvericiliyində mübahisənin məhkəməyə verilməsinədək tərəflərin mübahisənin həlli məqsədilə birbaşa danışıqlar aparması tələbi qanunvericilikdə öz əksini tapıb. Məsələn, Yaponiya qanunvericiliyində üçüncü, marağı olmayan şəxslərin iştirakı ilə birbaşa danışıqların aparılması məcbruri qayda kimi təsbit olunmuşdur. Belə hallarda üçüncü şəxslər danışıqlarda müşahidəçi kimi iştirak edirlər.

Danışıqlar daha çox kommersiya mübahisələri zamanı tətbiq olunur və səmərəli nəticələr verir. Bu üsulun həyata keçirilməsi proseduru, bir qayda olaraq, qanunvericilik səviyyəsində reqlamentləşdirilmir, tərəflər özləri prosesin aparılması ilə bağlı qaydaları müəyyən edirlər.

Vasitəçilik.  Mediasiya mübahisənin tərəflərə razılıq əldə edilməsində kömək göstərən müstəqil və neytral vasitəçinin köməyi ilə yoluna qoyulmasıdır. Mediasiya mübahisələrin həllinin daha perspektivli alternativ üsulu sayılır. Məhz mediasiya vasitəsilə mübahisənin bütün iştirakçılarının maraqlarını maksimum dərəcədə təmin edən qərarın qəbul edilməsinə nail olmaq mümkündür.  Hakimlərin bir çox hallarda tərəflərdən birini qane etməyən iradəvi qərarlar qəbul etdiyi arbitraj və münsiflər məhkəməsindən fərqli olaraq, mediasiyada vasitəçi heç bir qərar qəbul etmir, tərəflər özləri razılığa gəlirlər. Vasitəçi yalnız tərəflərə ümumi qərar tərtib etməyə kömək edir və hər iki tərəfi qane edən sazişin bağlanmasına yardım göstərir.

Artıq postsovet məkanına daxil olan bir sıra ölkələrdə, məsələn, Rusiya Federasiyasında (27 iyul 2010-cu ildə), Qazaxstanda (28 yanvar 2011-ci ildə),  Latviyada (22 may 2014-cü ildə) mediasiya haqqında qanunlar qəbul edilib.

Münsiflər məhkəməsi. Mübahisələrin alternativ həlli növlərindən biri olan münsiflər məhkəməsi fikir ayrılıqlarının tərəflər üçün məcburi qərar çıxarmaq səlahiyyətinə malik neytral şəxsin – münsifin (və ya münsiflər qrupunun) köməyi ilə həllidir. İnkişaf etmiş iqtisadiyyata malik ölkələrin təcrübəsi göstərir ki, əksər hallarda sahibkarlar aralarında yaranmış mübahisəni dövlət məhkəmələrində deyil, münsiflər məhkəmələrində həll etməyə çalışırlar. Ayrıca götürülmüş ölkədə münsiflər məhkəməsinin populyarlığı orada yaşayanların yüksək hüquq mədəniyyətinə dəlalət edir. Bir sıra ölkələrdə münsiflər məhkəməsi ilə bağlı ayrıca qanunlar mövcuddur. Məsələn, 2002-ci ildə Rusiya Federasiyasında “Münsiflər məhkəməsi haqqında” Qanun qəbul edilib. Münsiflər məhkəməsinin normativ-hüquqi tənzimləməsi sovet dövründə də mövcud idi. 

Dövlət məhkəməsində və münsiflər məhkəməsində məhkəmə araşdırmasının oxşar cəhətləri olsa da, mühüm fərqlər də var. Həmin fərqlər təcrübədə münsiflər məhkəməsənə üstünlük verilməsini şərtləndirir. Birincisi, dövlət məhkəməsində araşdırmanın əsas mənfi cəhəti mübahisənin həlli üçün uzun müddətin tələb olunmasıdır. Münsiflər məhkəməsində mübahisə daha opertaiv həll olunur. Dövlət məhkəmələrinin sistemi bir işə müxtəlif instansiyalarda bir neçə dəfə baxılmasına imkan yaradır. Münsiflər məhkəməsinin yuxarı instansiyaları yoxdur (münsiflər məhkəməsi qərarlarının apellyasiya, kassasiya, nəzarət qaydasında yenidənn baxılması proseduru mövcud deyil).  Münsiflər məhkəməsinin qərarından şikayət nəzərdə tutulmur, lakin əgər tərəflər sazişdə başqa qayda nəzərdə tutmayıblarsa, qərar mübahisələndirilə bilər.  İkincisi, mübahisənin dövlət məhkəməsində araşdırılması qanunvericiliklə müəyyən olunmuş kifayət qədər mürəkkəb prosedurların gözlənilməsini tələb edir. Münsiflər məhkəməsi proseduru isə çoxsaylı prosessual qaydalarla reqlamentləşdirilmir.

Üçüncüsü, bir sıra hallarda dövlət məhkəmələrinin hakimləri mübahisənin həlli üçün vacib olan və müəyyən sahə ilə bağlı xüsusi biliklərə malik olmurlar. Münsiflər məhkəməsinin tərkibini isə tərəflər özləri seçirlər və onların mübahisənin spesifikasına uyğun tələb olunan sahə ilə bağlı xüsusi biliklərə malik şəxsləri seçmək imkanı olur.

Dördüncüsü, mübahisəyə dövlət məhkəməsində müəyyən istisnalarla açıq məhkəmə iclasında baxılır. Münsiflər məhkəməsi isə mübahisə tərəfləri üçün konfidensiallıq şəraiti yaradır. Mübahisəyə qapalı iclaslarda baxılır ki, bu da tərəflərin kommersiya sirrinin qorunmasına daha etibarlı təminat verir. İstənilən kənar şəxsin məhkəmə iclasında iştirakı tərəflərin razılığı ilə mümkündür. Həmçinin tərəflərin razılığı olmadan münsiflər məhkəməsinin qərarının dərci qadağandır. Beşincisi, münsiflər məhkəməsində araşdırma xərcləri dövlət məhkəmələri ilə müqayisədə azdır.

Münsiflər məhkəməsi daimi fəaliyyət göstərə və ya konkret mübahisənin həlli üçün tərəflərin öz təşəbbüsü də təşkil edilə bilər. Münsiflər məhkəməsinin qərarı imperativ xarakter daşıyır. Belə ki, bu, mübahisə tərəfləri arasında razılaşma deyil, məhz qərardır. Həmin qərarın icrası könüllü həyata keçirilməlidir. Əgər könüllü icra yoxdursa, o zaman maraqlı tərəf həmin qərarın məcburi icrasına icazə verilməsi xahişi ilə dövlət məhkəməsinə müraciət edə bilər. Bu halda dövlət məhkəməsindən mübahisəni mahiyyəti üzrə həll etmək tələb olunmur. Lakin o, məhkəmə icraatı aparmadan və öz qərarını çıxarmadan prosedur qaydalarına əməl olunub-olunmamsını, mübahisənin həll olunmasında hər iki tərəfin iştirak edib-etməməsini və sübutlar təqdim etmək imkanının olub-olmamasını yoxlaya bilər. 

İTYİB-nin eksperti Abil Bayramov deyir ki, mübahisələrin həllinin yuxarıda qeyd olunan alternativ üsullarının hansının tətbiqi daha çox mübahisənin xarakterindən, prosesin hansı mərhələdə olmasından, qanunvericiliyin tələbindən və tərəflərin istəyindən asılıdır: “Danışıqlar mübahisənin kənar şəxslərin iştirakı olmadan bilavasitə tərəflərin özləri tərəfindən həlli forması olduğundan, bir qayda olaraq, ilk növbədə bu üsuldan istifadəyə təşəbbüs göstərilir. Hər hansı neytral vasitəçinin müdaxiləsinə ehtiyac olduqda isə, mübahisənin tərəflərə razılıq əldə edilməsində kömək göstərən müstəqil və neytral vasitəçinin köməyi ilə yoluna qoyulmasından – mediasiyadan istifadə olunur. Əgər tərəflər hesab etsələr ki, fikir ayrılıqlarının onlar üçün məcburi qərar çıxarmaq səlahiyyətinə malik neytral şəxsin – münsifin (və ya münsiflər qrupunun) köməyi ilə həlli daha məqsədəuyğundur, o zaman mübahisələrin alternativ həlli növlərindən biri olan münsiflər məhkəməsinə müraciətə üstünlük verirlər. Yuxarıda qeyd etdiyimiz kimi, məcburi prosedur kimi məhkəməyəqədər vasitəçilik tərəflərin razılaşması ilə də nəzərdə tutula bilər. Bu halda müqavilədə mübahisənin mediatorun köməyi ilə nizama salınmasının məcburiliyi göstərilir. Eyni zamanda qanunvericilikdə də barışdırıcı prosedurların məcburi tətbiqi nəzərdə tutula bilər”.