SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Mübahisələrin həllinin alternativ üsulları: beynəlxalq təcrübə nə deyir?
Bəkir Nərimanoğlu - contact.az
29 iyun 2015. Sahibkarlıq subyektləri arasında mübahisələrin alternativ həllinin tətbiqi üzrə müxtəlif proqramların həyata keçirilməyə başladığı ilk ölkə ənənəvi olaraq Amerika Bitləşmiş Ştatları (ABŞ) hesab olunur. 1970-ci illərin əvvəllərindən həyata keçirilməyə başlayan belə proqramların əsas məqsədi hüquq mühafizə orqanlarının yükünün azaldılması və mübahisələrin tənzimlənməsi prosedurunun tərəflər üçün yüngülləşdirilməsi idi. ABŞ-da mediasiyanın inkişafını üç dövrə bölmək olar. Birinci dövrdə əhalidə məhkəmə prosesinə alternativ kimi mübahisələrin məhkəmədənkənar prosedurlarına tələbat yaranıb. Sonra politologiya və hüquqşünaslıqda bu zərurət qəbul edilib və müstəqil və dəqiq strukturlaşdırılmış xidmət kimi mediasiya metodları işlənib hazırlanıb. Sonrakı dövrdə təqdim olunan xidmətlər əvvəllər həmin xidmətdə maraqlı olmayanlar üçün maraq kəsb etməyə başlayır. Nəticədə vasitəçilik və onun peşəkar forması olan mediasiya amerika mədəniyyətinin əsas elementlərindən birinə çevrilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatda deyilir ki, hazırda ABŞ-da alternativ həlli yol kimi federal tənzimlənməsi model aktı - 2001-ci ilin vasitəçilik haqqında qanun vasitəsilə həyata keçirilir: “Alternativ gəll fəal şəkildə anqlosakson hüquq sistemli ölkələrdə, məsələn, Kanadada, Hindistanda inkişaf edir. Hindistanda vasitəçilik konsepsiyası ilk dəfə sənaye mübahisələri haqqında Aktda təsbit olunub. Aktın 4-cü bölməsinə uyğun olaraq təyin edilən barışdırıcıların üzərinə “vasitəçilik və sənaye mübahisələrinin tənzimlənməsinin təşviqi vəzifəsi” qoyulub. 1996-cı ildə arbitraj və barışıq haqqında Akt (Arbitration and Conciliation Act) qəbul olunub.

Qərbi Avropa ölkələrində (Fransa, İtaliya) mübahisələrin alternativ həlli haqqında xüsusi qanunlar ilk dəfə 1990-cı illərdə qəbul olunub. Mübahisələrin həllinin alternativ üsullarının tətbiqi praktiki olaraq regionun bütün ölkələrində inkişaf edir. Mübahisələrin alternativ həlli haqqında xüsusi qanunlar Latviya, Belarus, Rusiya, Moldova və s. ölkələrdə artıq qəbul edilib, İspaniya, Avstriya, Ukrayna kimi ölkələrdə isə qanun layihələrinin fəal müzakirəsi aparılır.  

Almaniyada 1990-cı illərin sonlarına qədər mübahisələrin həllinin alternativ üsullarına maraq nisbətən az olub, vasitəçilik əsasən boşanmalar haqqında mübahisələrdə tətbiq olunub. 1999-cu ildə isə federal parlament alman torpaqlarına məcburi məhkəmə vasitəçiliyi tətbiq etməyə icazə verən qanunvericilik qəbul edib”.

Tədqiqatda deyilir ki, müxtəlif ölkələrdə vasitəçi ilə bağlı müxtəlif tələblər irəli sürülür. Əksər hallarda üç növ tələbə rast gəlinir:

  • Ümumi xarakterli tələblər (yaş, fəaliyyət qabiliyyəti, yaşayış yeri);
  • Təmizlik (düzlük) tələbləri (ödənilməmiş məhkumluqların olmaması, müstəqillik);
  • Peşə vərdişlərinin olması (təhsil, hazırlıq, təcrübə).

Ayrı-ayrı ölkələrdə vasitəçilik prosedurunun tənzimlənməsi qaydası da fərqlənir. Müxtəlif ölkələrin təcrübəsini ümumiləşdirsək, tənzimləmənin iki əsas modeli fərqləndirilə bilər. Birinci modelə əsasən, qanunverici vasitəçilik prosedurunu müfəssəl təsvir edir. Digər modeldə isə qnunverici proseduru tənzimləməyi vasitəçinin və ya tərəflərin öhdəsinə buraxır. Daha optimal variant imperativ və dispozitiv metodların uzlaşdırılmasıdır.

Prosedurun ayrı-ayrı aspektlərinin tənzimlənməsi təcrübəsi də müxtəlifdir. Sübutların toplanması və tədqiqinə münasibətdə iki əsas yanaşma var. Yanaşmalarda biri ondan ibarətdir ki, vasitəçi sübutları toplamır və tərəflərin ona təqdim etdiyi sübutlarla kifayətlənir. Bu daha geniş yayılmış yanaşmadır. Digər yanaşmaya görə, vasitəçi sübutları toplamağa təşəbbüs göstərə bilər.  Bir qayda olaraq, bu, məcburi məhkəmə vasitəçiliyi halında baş verir. Fransada vasitəçinin tədqiqat aparmaq üzrə səlahiyyəti yoxdur. Lakin zərurət olduqda vasitəçi tərəflərin icazəsi ilə üçüncü şəxsləri dinləyə bilər. Yaponiyada Vasitəçilik üzrə Komitə işlə bağlı olan yerlərin və şəxslərin tədqiqatını apara, şahidləri çağıra, ekspertlərin fikrini soruşa bilər.

Vasitəçinin öhdəliklərinə qərəzsiz və müstəqil olmaq, proseduru lazımi qaydada aparmaq, mübahisənin nizamlanmasında tərəflərə kömək etmək və s. daxildir. İspaniyada vasitəçi tərəflər arasında birbaşa danışıqlar aparılmasına yardım etməlidir. Bolqarıstanda mediator öz fəaliyyətini vicdanla, qanuna hörmət etməklə həyata keçirməlidir və hüquqi tövsiyələr verə bilməz.

Qanunvericilik işin həm şifahi, həm də yazılı baxışını nəzərdə tuta bilər. Şifahi baxışda vasitəçi tərəflərlə görüşür.Yazılı baxışda vasitəçi tərəflərin təqdim etdiyi sənədləri öyrənir və onların əsasında tərəflərə təklif etdiyi razılaşma layihəsini işləyib hazırlayır.

Vasitəçiliyin dayandırılması və ona xitam verilməsi az-az hallarda ətraflı tənzimlənir. Fransada məhkəmə tərəflərdən birinin xahişi və ya vasitəçinin təşəbbüsü ilə vasitəçiliyə xitam verə bilər.

Azərbaycanda hansı təcrübəni tətbiq etmək olar?

İTYİB-nin eksperti  Abil Bayramov bildirir ki, konkret olaraq hansısa ölkənin təcrübəsinin əsas götürülməsi doğru olmazdı: “Çünki ayrı-ayrı ölkələrdə mübahisələrin alternativ həlli üsullarının müxtəlif prosedurları tətbiq olunur və onlar bir sıra hallarda oxşar, başqa hallarda isə fərqlidir. Əsas məsələ həmin prosedurların hansının bizdə daha səmərəli tətbiq oluna bilməsidir. Məsələn, Almaniya, Yaponiya və Argentinanın qanunvericiliyi könüllü vasitəçilikdən savayı, tərəflərin razılığı olmadıqda təyin edilən məcburi vasitəçiliyə də yol verir. Aydındır ki, belə vasitəçilik o halda təyin edilir ki, tərəflərin razılığa gəlməsini güman etməyə əsaslar olsun. Yaxud vasitəçilərin seçilməsi məsələsi. Bu zaman iki əsas variant mümkündür: 1. Vasitəçiləri tərəflər seçir və məhkəmə qəbul edir (Bolqarıstan, Hindistan); 2. Vasitəçilər məhkəmə tərəfindən seçilir və təyin edilir. Bu zaman tərəflərin bəyənməsi tələb oluna da bilər (Fransa, Belarusiya), olunmaya da (Yaponiya). Hər iki variantın öz üstünlükləri var. Bu baxımdan, konkret bir ölkənin təcrübəsi deyil, müxtəlif ölkələrdə tətbiq olunan fərqli prosedurların daha səmərəli və uyğun olanına üstünlük verilməlidir”.

Hüquqşünas Natiq Abdullayev isə deyir ki, ilk növbədə mediasiya institutunun yaradıldığı Ukrayna, Rusiya, Qazaxıstan, Belarus və bir sıra digər postsovet məkanı ölkələrinin  bu sahədə təcrübələrindən yararlanaraq Azərbaycanda mediasiya ilə bağlı qanunvericilik inkişaf etdirilə bilər. Azərbayacnda mediasiya institunun yaradılamsı hələ ilkin mərhələdədir.

Müxtəlif ölkələrdə mediasiyaya dair qəbul edilən qanunlardan bəhs edərkən ilk olaraq gəlinən qənaət belədir: qanunun qəbul edildiyi ölkələrin praktikası göstərir ki, mediasiya haqqında qanun qəbul ediləcəyi halda bir sıra qanunvericlik aktlarının dəyişdirilməsi labüd olur. Bunlar Mülki Məcəllə, “Arbitraj haqqında” qanun və münsiflər məhkəməsinə dair qanunvericilikdir.

Azərbaycanda təkmil mediasiya institutunun formalaşdırılması üçün orta və ali təhsil müəssələrində və ilk növbədə hüquqşünaslıq  fakültələrində mediatorların hazırlanmsı ilə bağlı xüsusui kurslar təşkil edilməli, müəyəyən təcrübəyə malik mediatorlaırn  hazırlansmı ilə bağlı beynəlxlaq təcrübədən yararlanılması, mübahisələrin alternativ həll vasitələri ilə bağlı məlumatların əldə edilməsi üçün onların vaxtaşırı xarici ölkələrdə təkmilləşmə kursları keçməsi zəruridir”.