SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Azərbaycanda sahibkarlar arasında mübahisə: məhkəməsiz necə həll etmək olar?
Bəkir Nərimanoğlu - contact.az
30 iyun 2015. Azərbaycanda mübahisələrin alternativ həlli üsullarının geniş tətbiqi təcrübəsi mövcud deyildir. Doğrudur, qanunvericilikdə bir sıra alternativ həll üsulları nəzərdə tutulub, lakin onlardan istifadə halları azdır.

Qanunvericilik əmək, mülki və digər mübahisələrin həllində alternativ üsullardan istifadəni nəzərdə tutur. Məsələn, Əmək Məcəlləsinin 265-ci maddəsi kollektiv əmək mübahisələrinin aşağıdakı barışdırıcı üsullarını təsbit edir:

  • razılaşdırıcı komissiya;
  • vasitəçi;
  • əmək arbitrajı.

Həmin maddədə nəzərdə tutulur ki, tərəflər bu üsullardan birindən və ya hamısından, yaxud mübahisənin daha tez həllinə səbəb ola biləcək digər üsuldan istifadə edilməsi barədə öz aralarında razılığa gələ bilərlər. Əldə edilmiş razılıq protokolla rəsmiləşdirilir. Tərəflərin nümayəndələri, razılaşdırıcı komissiya, vasitəçi, əmək arbitrajı kollektiv əmək mübahisəsinin tez və ədalətlə həlli üçün bütün imkanlardan istifadə etməyə borcludurlar.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı tədqiqatda deyilir ki, Əmək Məcəlləsinin 266-cı maddəsinə əsasən, razılaşdırıcı komissiya kollektiv əmək mübahisəsinin başladığı vaxtdan etibarən 3 iş günü müddətində yaradılır və işəgötürənin müvafiq əmri (sərəncamı, qərarı) və işçilərin nümayəndələrinin qərarı ilə rəsmiləşdirilir. Razılaşdırıcı komissiya bərabər hüquqlu əsasda tərəflərin sayca bərabər nümayəndələrindən təşkil edilir. Kollektiv əmək mübahisəsinə razılaşdırıcı komissiya tərəfindən onun yaradıldığı gündən 5 iş günü müddətində baxılmalıdır. Razılaşdırıcı komissiyada tərəflər qarşılıqlı razılığa gəldikdə bu barədə protokol tərtib edilir. Əldə edilmiş razılıq tərəflər üçün məcburidir və protokolda nəzərdə tutulmuş müddətdə icra olunmalıdır. Razılıq əldə edilmədikdə fikir ayrılığı haqqında protokol tərtib edilir.

Əmək Məcəlləsinin 267-ci maddəsi kollektiv əmək mübahisəsinə vasitəçinin iştirakı ilə baxılmasını nəzərdə tutur. Həmin maddəyə əsasən, vasitəçi tərəflərin qarşılıqlı razılığı ilə mübahisənin nəticələrində marağı olmayan yüksək ixtisaslı və nüfuzlu şəxslərdən müəyyən edilir. Vasitəçi işəgötürəndən kollektiv əmək mübahisələrinə aid olan lazımı sənədləri və məlumatları tələb etmək hüququna malikdir. Vasitəçi təyin edildikdən sonra 5 iş günü müddətində müəssisənin iqtisadi vəziyyətini, kollektiv danışıqlar üçün yaradılmış komissiyanın protokollarını, tərəflərin təkliflərini, habelə zəruri olan digər sənədləri təhlil edib tərəflərin mövqelərinin barışdırılması variantlarını hazırlayır. Hazırlanmış variantlar dərhal tərəflərə təqdim edilir. Tərəflər 5 iş günü müddətində vasitəçinin iştirakı ilə təklif olunan variantları müzakirə etməlidirlər. Təklif olunmuş variantlardan hər hansı biri bəyənildikdə mübahisə həmin variant əsasında həll olunmuş hesab edilir və bu barədə protokol tərtib edilir. Təklif olunmuş variantlardan heç biri qəbul edilmədikdə fikir ayrılığı haqqında protokol tərtib edilir.

Əmək Məcəlləsinin 268-ci maddəsi kollektiv əmək mübahisəsinə əmək arbitrajında baxılmasını nəzərdə tutur. Əmək arbitrajı kollektiv əmək mübahisəsinin həlli üçün yaradılan müvəqqəti orqandır. O, kollektiv əmək mübahisəsinin əmək arbitrajının icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır. Əmək arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Arbitrajın sədri arbitrlər tərəfindən öz sıralarından seçilir. Əmək arbitrajının tərkibinə mübahisənin nəticəsi ilə maraqlı olmayan şəxslər, icra hakimiyyəti, bələdiyyə orqanlarının nümayəndələri, hüquq, əmək və sosial məsələlər üzrə mütəxəssislər və digər şəxslər daxil edilə bilərlər. Tərəflər əmək arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gələ bilərlər. Əmək arbitrajında kollektiv əmək mübahisələrinə baxılma müddəti yeddi iş günündən çox olmamalıdır. Əmək arbitrajı mübahisəyə aid olan lazımı sənədləri və məlumatları almaq hüququna malikdir. Əmək arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir. Tərəflər əmək arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gəlmişlərsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və mübahisənin davam etdirilməsinə yol verilmir.

Mülki prosessual qanunvericilik də mülki mübahisələrin həllində alternativ üsullardan istifadə imkanlarını nəzərdə tutur. Belə ki, Mülki Prosessual Məcəllənin (MPM) 14.3-cü maddəsində deyilir ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 191-ci maddəsi barışıq sazişi ilə bağlı bir sıra məsələlərə (sazişin rəsmiləşdirilməsi qaydası, nəticələri və.s) aydınlıq gətirir. Maddədə göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

Eyni zamanda MPM tərəflərin münsiflər məhkəməsinə müraciət imkanını da tanıyır. MPM-in 183-cü maddəsində qeyd olunur ki, sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, habelə tərəflərə, mübahisəni həll etmək üçün onların münsiflər məhkəməsinə müraciət etmək hüquqlarını və bu cür hərəkətin nəticələrini izah edir. 

MPM-nin 152-ci  maddəsinə görə, müəyyən kateqoriya işlərdə iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Sahibkarliq fəaliyyəti ilə əlaqədar işlərə baxilarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqinda” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli Qərarında pretenziya qaydası ilə bağlı aşağıdakılar qeyd olunur: “İzah edilsin ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydası tərəflər arasında mübahisə doğuran müqavilədə və yaxud qanunvericilikdə müəyyən edilə bilər. Digər hallarda mübahisənin məhkəməyə qədər həllinin tələb olunması şəxslərin məhkəməyə müraciət etmək hüququnun pozulması kimi qiymətləndirilir. Qeyd edilsin ki, iqtisad məhkəmələri müqavilələr üzrə ixtilaflardan (müqavilə qabağı mübahisələr) doğan mübahisələrə yalnız qanunvericilikdə göstərilən və tərəflərin razılığı ilə müəyyən edilən hallarda baxılır”. 

Pretenziya qaydası mübahisənin danışıqlar yolu ilə nizama salınmasına imkan yaradır. Ümumiyyətlə, təcrübədə mübahisələrin danışıqlar yolu ilə həlli təşəbbüsləri digər alternativ üsullara nisbətən daha geniş tətbiq olunur. Tərəflər arasında bağlanan müqavilələrin əksəriyyətində fikir ayrılıqlarının birbaşa danışıqlar vasitəsilə aradan qaldırılması imkanı nəzərdə tutulur. 

Ümumiyyətlə, bir sıra hüquqi mexanizmlər və institusional vahidlər (Vergi Apellyasiya Şurası, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi və s.) olsa da, Azərbaycan təcrübəsində mübahisələrin alternativ həlli üsullarından istifadəni yetərli hesab etmək olmaz. Bunun əsas səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • mübahisələrin alternativ həll üsullarının tətbiqini təmin edən zəruri hüquqi mexanizmlər yoxdur;
  • mübahisələrin alternativ həlli ilə bağlı ənənə formalaşmayıb;
  • mübahisələrin həllinin alternativ üsullarının mahiyyəti və əhəmiyyəti haqqında sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsi yetərli deyil;
  • sahibkarlıq münasibətlərinin inkişafına mane olan hallar (bürokratik əngəllər, inhisarçılıq və s.) tam aradan qalxmayıb.

                                    

                                       Nə etməli?

İTYİB-nin eksperti Abil Bayramov deyir ki,  ilk olaraq “Münsiflər məhkəməsi haqqında” qanunun qəbul edilməlidir: “Mübahisələrin münsiflər məhkəməsi vasitəsilə həllinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulsa da, ondan təcrübədə istifadə olunmur. Bunun əsas səbəblərindən biri də münsiflər məhkəməsi ilə bağlı reqlamentləşdirici hər hansı sənədin olmamasıdır. Bu baxımdan münsiflər məhkəməsinin təşkili və fəaliyyət qaydasını tənzimləyən qanunun qəbuluna ehtiyac var. Qeyd edək ki, belə qanunlar postsovet məkanına daxil olan ölkələrin bir çoxunda (Ukrayna, Rusiya Federasiyası, Qazaxstan, Belarus, Qırğızıstan və s.) mövcuddur”.

Ekspert həmçinin “Mediasiya haqqında” qanunun qəbul edilməsini önəmli sayır: “Təcrübə göstərir ki, bizdə sahibkarlıq subyektlərinin tərəf olduqları mübahisələrin yaranmış münaqişədə marağı olmayan, qərəzsiz və neytral üçüncü tərəfin iştirakı ilə həllinə kifayət qədər təşəbbüs göstərilmir. Bunun əsas səbəblərindən biri mübahisələrin alternativ həll üsulları ilə bağlı məlumatsızlıqdırsa, digər mühüm səbəb isə həmin üsulların, xüsusilə də mediasiya prosedurunun həyata keşirilməsi qaydalarını tənzimləyən normativ sənədin olmamasıdır. Qeyd olunduğu kimi, artıq bir sıra dövlətlərdə mediasiya haqqında qanunlar qəbul edilib və uğurla tətbiq olunmaqdadır. Son illərin tendensiyası onu göstərir ki, mübahisələrin neytral vasitəçinin köməyi ilə həllinə daha çox üstünlük verilməkdədir. Azərbaycanda da mediasiya prosedurunun hüquqi tənzimlənməsi məqsədilə mediasiya haqqında qanunun qəbuluna ehtiyac var”.

Abil Bayramov bildirir ki, mediatorların hazırlığı istiqamətində xüsusi proqramların hazırlanmalı və həyata keçirilməlidir: “ Mediasiya haqqında qanunun qəbulu ilə yanaşı mediatorların hazırlığı da xüsusi əhəmiyyət kəsb edir. Çünki uğurlu vasitəçilik üçün mediatorların xüsusi bacarıqlara malik olması zəruridir. Mediatorların hazırlığına yönəlik müəyyən təşəbbüslər olsa da (Məsələn, Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin təsisçiliyi ilə 2008-ci ildə yenidən təşkil edilən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi tərəfindən), bu istiqamətdə daha ardıcıl və sistemli fəaliyyətə ehtiyac var. Bunun üçün müvafiq dövlət orqanları ilə sahibkar birliklərinin əməkdaşlığı zəruridir. Mübahisələrin alternativ həlli üsulları ilə bağlı maarifləndirmə işinin genişləndirilməsi. Mübahisələrin həllinin alternativ üsulları ilə bağlı sahibkarlıq subyektlərinin məlumatlılığı yetərli deyil. Mübahisələrin həllinin alternativ üsullarına az müraciət edilməsinin əsas səbəblərindən biri budur. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsi aşağıdır. Bu problemin həlli üçün Sahibkarlığa Kömək Milli Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və digər qurumların əməkdaşlığı çərçivəsində maarifləndirmə proqramlarının hazırlanması və həyata keçirilməsi məqsədəuyğun olardı”.   

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu zaman mübahisələrin hansı təşkilatlar arasında olması əhəmiyyətli rol oynayır: “Əgər mübahisə özəl və dövlət şirkəti arasında yaranıbsa o halda ilk növbədə dövləti şirkətinin tabe olduğu dövlət orqanları ilə müzakirələr başlamalı və danışıqlar yolu ilə məsələnin həllinə çalışılmalıdır. Özəl şirkələr arasında olan mübahisələrə gəlincə, onların məhkəmədən qabaq həllinin əsas yolu ikitərəfli danışıqlardır. Bu istiqamətdə nəticə olmazsa o halda onlar üzv olduğu sahibkarlıq assosiasiyasına müraciət etməli və həmin birliyin hüquqşünasları ilə 3 tərəfli danışıqlara başlamalıdır, yox əgər belə olanda da nəticə alınmazsa o halda təbii ki, yeganə həll yolu məhkəmədir. Ümumiyyətlə sahibkarların birliklərdə təşilatlanması belə mübahisələrin həllnə də töhfə ola bilər. Bəzən problemlərin hüquq müstəvisində həlli mümkün olur. Bu halda həmin birliklərin hüquqşünasları arbitr rolu oynaya bilərlər”.

Millət vəkili Əli Məsimli də bildirir ki, bir sıra müqavilələrdə buna bənzər məqam nəzərdə tutulur:”İşlək mexanizm hazırlayıb bizdə də tətbiq dairəsini genişləndirmək və yalnız danışıqlar dalana dirənəndə son hal kimi məhkəmədən istifadə etmək olar”.