SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Dövlət-biznes əməkdaşlığına start
İlkin İzzət - http://tia.az/ (19 yanvar 2016).

Hazırkı şərait dövlət-özəl sektor əməkdaşlığını qaçılmaz edir. Bu əməkdaşlıq ictimai əhəmiyyətli layihələrə dövlət tərəfindən özəl sektorun cəlb olunması mexanizmlərinin tətbiqini nəzərdə tutur.

TİA.AZ xəbər verir ki, iqtisadçı-ekspert Qalib Toğrul bu fikirdədir. Onun sözlərinə görə, bu əməkdaşlıq ictimai əhəmiyyətli layihələrə dövlət tərəfindən özəl sektorun cəlb olunması mexanizmlərinin tətbiqini nəzərdə tutur: "Müasir anlamda dövlət-özəl sektor əməkdaşlığı ictimai məzmun daşıyan beynəlxalq, milli və lokal layihələrin həyata keçirilməsi məqsədi ilə dövlət və biznes arasında yaradılmış institusional və təşkilati alyans kimi başa düşülür. Adətən, belə alyanslar müvəqqəti olur və konkret layihənin həyata keçirilməsi məqsədi ilə müəyyən bir müddətə yaradılır və layihənin icrasından sonra fəaliyyətini dayandırır.

Müxtəlif sosial-iqtisadi inkişaf mərhələsində olan ölkələrin təcrübəsinin təhlili göstərir ki, bu tip əməkdaşlıqlar nəqliyyat (avtomobil yolları, dəmir yolları, hava limanları, dəniz limanları, boru nəqliyyatı və sair), sosial infrastuktur (səhiyyə, təhsil, istirahət və turizm), kommunal (su təchizatı, elektrik təchizatı, suyun təmizlənməsi, qaz təchizatı və sair) sektorlarında daha uğurla tətbiq olunur. Heç şübhəsiz ki, bu sektorlar içərisində liderlik nəqliyyat infrastrukturuna məxsusdur."

Ekpertin dediyinə görə, bu əməkdaşlıq mexanizmləri sayəsində aşağıdakı problemlər həll olunur:

- Özəl kapitalın, ilk növbədə, daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə imkan yaranır;

- Dövlət büdcəsinin yükü azaldılır;

- Dövlət xidmətlərinin keyfiyyəti yüksəlir;

- Dövlət sektoruna inkişaflın vacib mərhələsində özəl sektorun fəaliyyətini tənzimləməklə strateji funksiyaların və əsas məsələlərin üzərində diqqətini cəmləşdirməyə imkan yaradılır;

- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı fərqlər aradan qaldırılır;

- Özəl təşəbbüsləri və işgüzar fəallığı yüksəltmək yolu ilə gizli iqtisadiyyatın masştabları daraldılır;

- Büdcə vəsaitlərinin istifadəsi zamanı şəffaflığı və hesabatlılığı təmin etmək vasitəsi ilə korrupsiyanın səviyyəsinin aşağı salmaq mümkün olur.

Q.Toğrul bildirir ki, hazırkı şəraitdə Azərbaycanda dövlət-özəl sektor əməkdaşlığının bir neçə aspektdən üstünlüklərini qeyd etmək olar:

"Dövlət üçün:

- Neft gəlirlərinin azaldığı bir şəraitdə investisiya layihələrini özəl sektorun imkanları hesabına reallaşdırmaq;

- Özəl sektorun təcrübə, maliyyə və texnoloji imkanlarından faydalanmaq;

- Layihələrlə bağlı risklərin bir hissəsini özəl sektorla bölüşmək imkanı;

- Təqdim olunan ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

- İstehsal və sosial infrastukturu inkişaf etdirmək;

- İnvestisiya iqlimini yaxşılaşdırmaq;

- Regionları inkişaf etdirmək.

Özəl sektor üçün:

- Yeni investisya imkanlarının (bazarlar, gəlirlər) yaranması;

- Kommersiya risklərinin azalması;

- Özəl sektorun potensialının yüksəlməsi;

- Böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşması.

İstehlakçılar üçün:

- Təqdim olunan xidmətlərin əlaçatanlığı, qiymətlə keyfiyyətin optimai uyğunluğu;

- Yeni iş yerlərinin yaradılması;

- Əhalini həyat səviyyəsinin yüksəlməsi.

Ölkəmizdə dövlətin bizneslə əməkdaşlığına başlanılması və bu prsosesin genişləndirilməsi üçün təklif edirəm:

1. Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığının inkişafı ilə bağlı konsepsiya hazırlansın;

2. Dövlət-biznes əməkdaşlığı ilə bağlı normativ-hüquqi baza formalaşdırılsın. 

Bu normativ-hüquqi baza ilk növbədə, “Dövlət-biznes əməkdaşlığı haqqında” Azərbaycan Respublikası Qanunundan, tenderlərin keçirilməsi qaydlarından, tender komissiyalarının təşkili qaydalarından, dövlət-biznes əməkdaşlığnı rəsmiləşdirən müqavilə, Azərbaycan Respublikasında dövlət-biznes əməkdaşlığı üçün uyğun sahələrin siyahısının təsdiq edilməsindən və digər müvafiq formaların təsdiq edilməsindən və digər tənzimləyici sənədlərin qəbulundan ibarət olmalıdır.

3. Dövlət-biznes əməkdaşlığı layihələrinin tətbiq olunacağı prioritet sahələr müəyyənləşdirilsin. 

Azərbaycan Respublikası Nazirlər Kabineti və onun müvafiq strukturları ölkəmizdə dövlət-biznes əməkdaşlığının daha çox uğur gətirəcəyi və özəl sektorun kapitalının cəlb olunmasına daha çox ehtiyac duyulan sferaları müəyyən və təsdiq etməlidir.

4. Əhaliyə kommunal xidmət göstərən dövlət qurumlarının (Azərişıq, Azərsu) biznes strukturlarına idarəetməyə verilməsi məqsədi ilə onlarla konsessiya müqavilələri imzalansın;

5. İqtisadiyyat Nazirliyinin nəzdində dövlət-biznes əməkdaşlığı layihələrinin idarə olunması, biznes partnyorun seçilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, məsləhət və digər funksiyaları həyata keçirən Dövlət-Biznes Əməkdaşlığının İnkişafı Mərkəzinin yaradılsın;

Dövlət-Biznes Əməkdaşlığının İnkişafı Mərkəzinin məqsədi dövlət və biznesin resurslarının, dövlət-biznes əməkdaşlığı sahəsindəki mütəxəssislərin konsolidasiyası yolu ilə ictimai infrasturkturun inkişafına investisyaların cəlb olunması və onun idarəedilməsi olmalıdır.

6. Dövlət-biznes əməkdaşlığı layihələrinin idarə olunması ilə bağlı peşəkar kadrlar hazırlansın;

7. Əməkdaşlığa cəlb olunan özəl şirkətlərin şəffaflıq pinsipləri əsasında seçilməsinin təmin etmək üçün vətəndaş cəmiyyəti nümayəndələrinin prosesdə iştirakına şərait yaradılsın."