SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Region kreditlərində yeni girov təklifi
Çingiz Rüstəmov -http://anspress.com/ (28 yanvar 2016).

Azərbaycanda yeni iki bankın açılması təklif olunur.

Azərbaycanın regionlarında kredit götürmək istəyənlərin ən böyük problemi girov təqdimatı zamanı baş verir. 

ANS PRESS-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib. Onun sözlərinə görə, kredit götürmək istəyənlərin təqdim etdikləri girov banklar tərəfindən o qədər də maraqla qarşılanmır.

Nazirin sözlərinə görə, bankların bu girovları qəbul etməməsi psixoloji məqamlarla bağlıdır: “Belə ki, kənd yerlərində girov kimi təqdim edilən mülklərin satılması praktiki olaraq qeyri-mümkündür. Ona görə yox ki, maraq yoxdur. Sadəcə psixoloji olaraq, kimsə kənd yerlərində başqa bir adama məxsus evin alınmasına getmir. Ona görə də banklar bundan imtina edirlər. Nəticə etibarilə, kreditlərin girovu faktiki olaraq mövcud deyil. Bunun həll yolunu tapmışıq desək, düzgün olmaz. Biz Mərkəzi Bank, Banklar Assosiasiyası və banklarla bu məsələni yenidən müzakirə etməliyik”.

Statistika da Azərbaycanda uzunmüddətli kreditlərin 78 faizinin Bakının payına düşdüyündən xəbər verir. Statistikaya görə, 2015-ci ilin dekabr ayının əvvəlinə kimi ölkə üzrə 9,044 milyard manat kredit verilib və bunun 7,057 milyard manatı Bakının payına düşüb. Ölkə əhalisinin yarıdan çoxunun yaşadığı regionların payına isə uzun müddətli kreditlərin yalnız 22 faizi düşüb. 


Ölkənin regionları üzrə uzunmüddətli kreditlərin paylanması (min manat, dekabr 2015-ci il)

Son illərdə hökumətin göstərdiyi səylər nəticəsində regionlarda kredit qoyuluşlarının miqdarı xeyli artıb. Məsələn, ötən il aqrar sahədə investisiya layihələrinin maliyyələşdirilməsi üçün 213 milyon manat güzəştli kredit verilib. Rəqəm iri görünsə də, bu, aqrar sahədə çalışanların 2 faizindən az bir hissəsini əhatə edib. Kreditlər cəmi 5100 sahibkarlıq subyektinə verilib. Halbuki, ölkədə 800 minə yaxın kəndli təsərrüfatı var. 

Mərkəzi Bankın ölkənin bölgələri üzrə kredit qoyuluşu bülletenində yer alan rəqəmlərə görə, regionlarda verilən kreditlərin faiz dərəcələri Bakı ilə müqayisədə təxminən iki dəfə yüksəkdir. Əgər Bakıda uzunmüddətli kreditlərin orta dərəcəsi 12,1% olubsa, regionlarda bu göstərici 22%-ə qədər qalxır. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) aparıcı mütəxəssisi, "İqtisadi forum" jurnalının baş redaktoru Samir Əliyev ANS PRESS-ə müsahibəsində bunun yetərincə yüksək olduğunu bildirib: "Regionlarda hətta güzəştlə verilən kreditlərin dərəcəsi 15-16 faiz ətrafında dəyişir. Halbuki, kiçik və orta sahibkarlığın (KOS) inkişafı üçün aşağı dərəcəli kreditlərin verilməsinə böyük ehtiyac var. Bu sektorun inkişafı üçün dərəcəsi 5-6% ətrafında kreditlərin verilməsinə ehtiyac var". 

Hökumət tərəfindən kreditlərin hamı üçün əlçatar olmadığı göz qabağındadır. Beləliklə, yüz minlərlə kəndli təsərrüfatı güzəştli kreditləşdirmədən kənarda qalır. Belə olan təqdirdə fermerlər əsasən kustar üsullarla təsərrüfatçılığı davam etdirir və lazımi səviyyədə məhsul əldə edə bilmirlər. Bəzi regionlarda isə kəndlilər ümumiyyətlə torpağı əkməkdən imtina edirlər. Mərkəzi Aran regionunda 400 min hektar torpağın əkin dövriyyəsindən çıxması məhz bununla bağlıdır. 

Bu kreditlərin verilməsi zamanı çox vaxt girov təminatı ilə bağlı problemlər ortaya çıxır, çünki reginlarda əmlak ucuzdur və banklar həmin obyektləri girov kimi qəbul edə bilmirlər. Bəzən qanun pozuntuları nəticəsində girov obyektlərin qiyməti şişirdilir. Belə kreditlər çox vaxt təyinatı üzrə işlədilmir. Nəticədə, ölkə üzrə problemli kreditlərin miqdarı artır. Regionlarda kredit almaq istəyən kiçik və orta sahibkarlıq subyektləri də təxminən eyni vəziyyətlə qarşılaşırlar. 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyat naziri Şahin Mustafayev bu problemə toxunub: “Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib”.

Lakin yuxarıda bəhs edildiyi kimi bu, ölkədəki kəndli təsərrüfatlarının 1%-dən də az bir rəqəmdir. Buna görə İTYİB təmsilçisi Samir Əliyev bu problemin həlli ilə birbaşa məşğul olacaq bankların yaradılmasını vacib sayır: "Düşünürəm ki, indiki ölkədə ixraca dəstək üçün xüsusi bank lazımdır. Əksər ölkələrdə belə banklar var. Həmçinin, aqrar sektorun dəstəklənməsi üçün xüsusi banka ehtiyac var. Bu banklar tam dövlət bankı olmaya da bilər, amma dövlətin iştirak payı yüksək olmalıdır". 

İqtisadçı ekspertin irəli sürdüyü bu məsələdə Türkiyə təcrübəsindən yararlanmaq olar. 1863-cü ildə hələ Osmanlı dövləti tərəfindən qurulmuş xüsusi aqrar bank kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsi ilə məşğuldur. Ölkənin üç dövlət bankından biri olan bankın ölkə üzrə 1400-dən çox filialı var. Aktivləri 50 milyard dollara çatan bank həm aqrar sektorun, həm uzunmüddətli kreditlərə, həm də qısamüddətli kreditlərə olan ehtiyacını ödəyir. 

Dünya bazarında neftin qiymətinin düşməsi üzündən neftdən kənar sektoru inkişaf etdirməyə məcbur olan Azərbaycan da məhz aqrar sektordan başlamalıdır. Aqrar sektorda çağdaş innovasiyaların tətbiqi ilə yetişdirilən məhsullar emal sənayesinə verilərək ixrac yönümlü məhsullara çevrilməlidir. Bunun üçün Azərbaycanda da hər iki bankın açılmasına ehtiyac var.