SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 17 Noyabr 2018, Şənbə
media
Bizə küçə ticarəti lazımdırmı?
Qalib Toğrul - http://transparency.az/ (21 yanvar 2016).

Azərbaycanda küçə ticarəti 2014-cü ilin yanvarından ləğv olunub. O vaxt həmin qərar daha çox siyasi xarakter daşıyırdı, məqsəd qəzetlərin səyyar satışının qarşısını almaq idi.

Əslində, Azərbaycanın heç bir qanunvericiliyində “küçə ticarəti” anlayışı olmayıb, amma hüquqi aktlarda “səyyar ticarət”, “xüsusi icazə verilən yerlərdə ticarət” ifadələri məhz küçə ticarətini nəzərdə tutub. Həmin ticarəti isə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tənzimləyib. 2014-cü ildə küçə ticarətini də elə bu qurum qadağan edib.

2016-cı ilin mayından yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minəcək. Məcəlləyə “küçə ticarəti” anlayışı salınıb, hətta ona ayrıca maddə – “Qanunsuz küçə ticarəti” – ayrılıb. 453-cü maddəyə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etmədiyi yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat cərimə tətbiq olunacaq. Mətbuat bu cəriməni yenilik kimi təqdim edir, ancaq belə bir cərimə hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsində də var.

Bir halda ki, yeni məcəllədə “qanunsuz küçə ticarəti”ndən söhbət gedir, deməli, qanuna uyğun küçə ticarəti də mümkündür.

İnkişaf etmiş ölkələrdə küçə ticarəti şəhər mədəniyyətinin ayrılmaz hissəsidir. Küçə ticarətinə təkcə gəlir yeri kimi yox, həm də turistləri cəlb edən, onların səyahətinin rəngarəngliyini təmin edən bir vasitə kimi baxılır. Ona görə də belə ölkələrdə küçələrdə ucuz pal-paltar, limon yox, suvenir, gül, antik əşyalar, xalq sənətkarlığı nümunələri satılır. Özü də bu satış gözəl şəkildə, göz oxşayan dizaynla, gigiyenik normalara riayət olunmaqla həyata keçirilir. Düzdür, inkişaf etmiş ölkələrdə küçələrdə ərzaq da təqdim olunur. Məsələn, Yaponiyada bu yolla hər gün 3 ton təzə balıq satılır. Yaponiyada küçə ticarətini fərqləndirən daha bir amil avtomatlaşdırmadır. Bu ölkə küçələrdəki avtomatlardan olan satışa görə dünyada birinci yeri tutur (23 adama bir avtomat düşür). Özü də bu avtomatlardan təkcə su, içki yox, yumurta, çətir, gül dəstəsi, hətta buz da almaq olur.

Beynəlxalq təcrübə göstərir ki, küçə ticarəti əlavə məşğulluq və qazanc imkanları yaradır. Bu ticarətlə məhsulların satışı daha kompakt, asan təşkil olunur, eyni zamanda sahibkarların və istehlakçıların xərci az çıxır, sənətkarlığın və xalq yaradıcılığının inkişafına stimul yaranır.

Bizdə küçə ticarəti qeyri-formal iqtisadiyyatdır, korrupsiyadır, vergidən yayınmadır, keyfiyyətsiz mal satışıdır, nəqliyyata və piyadalara çətinlik yaratmaqdır, zibillikdir, şəhərin görkəminə xələl gətirməkdir. İndiki halda küçə ticarətini qadağan etmək yox, onun qanunverici əsaslarını yaradıb tənzimləmək lazımdır. İş yerlərinin ixtisarı, qiymətlərin yüksəlməsi, əhalinin gəlirlərinin azalması, alıcılıq qabiliyyətinin günbəgün aşağı düşməsi nəticəsində artan yoxsulluğun, sosial gərginliyin qarşısını almaq üçün mütləq küçə ticarətinə icazə verilməlidir. Çünki küçə ticarəti hər şeydən əvvəl əhalinin gəlir mənbəyidir, iş yeridir.

Uzağa getmək lazım deyil. Bu məsələdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin gözəl təcrübəsindən faydalanmaq kifayətdir. Həm bayramlarda, həm də adi günlərdə hamımız qədim İçərişəhərin küçələrində ticarətin necə gözəl qurulduğunu görə bilərik. Rəhbərlik vergi və ödənişlərin vaxtında və qaydasında həyata keçirilməsini də uğurla gerçəkləşdirir. Daha paytaxt küçələrindəki kimi 8-10 qurumun nümayəndələrinə “bəxşiş” paylanmır.

Öncə küçə ticarətini tənzimləyən qanunverici və normativ baza yaradılmalı, bu anlayış və onun sərhədləri müəyyənləşməlidir. Sonra küçə ticarətinin vergi tənzimlənməsi sahəsində islahatlar aparılmalıdır. Bu fəaliyyət növü ilə məşğul olanlara “pulunu ver, patentini al, ticarətinlə məşğul ol” qaydasında vahid sabit vergi – patent vergi tətbiq olunmalıdır. Küçə ticarəti ilə məşğul olan işçiləri əhatə edən ayrıca sosial sığorta növü də tətbiq oluna bilər. Tənzimlənməni, vergi toplanmasını (patentin verilməsini) bələdiyyələrə həvalə etməklə bu məsələni gözəl şəkildə yekunlaşdırmaq olar.