SAHİBKARLIĞA VƏ BAZAR İQTİSADİYYATININ İNKİŞAFINA YARDIM FONDU

  
Bu gün: 19 Yanvar 2018, Cümə
Tədbirlər 2013
Küçə  ticarətinə inzibati baryerlərin  müəyyənləşdirilməsi

27.09.2013. Bu gün Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “Küçə  ticarətinə inzibati baryerlərin  müəyyənləşdirilməsi" mövzusunda Dəyirmi Masa keçirib.

Dəyirmi Masada Vergilər Nazirliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının, akademik dairələrin və müstəqil düşüncə mərkəzlərinin təmsilçiləri, ekspertlər və media nümayəndələri iştirak ediblər.

Dəyirmi Masa iştirakçılarını salamlayan, SBİİYF sədri Sabit Bağırov Azərbaycanda küçə ticarətinin mövcud vəziyyəti ilə bağlı qısa məlumat verib. Küçə ticarərinin dünyada kifayət qədər geniş yayıldığını və mikro və kiçik sahibkarlığın inkişafı baxımından əhəmiyyətli rol oynadığını vurğulayan Sabit Bağırov bu ticarət formasının əlavə məşğulluq və qazanc imkanları yaratması, sahibkarların və istehlakçıların xərclərini azaltması kimi üstünlüklərindən danışıb.

Paytaxtımızda küçə ticarətinin institusional tənzimlənməsinin Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti tərəfindən həyata keçirildiyini bildirən Fond sədrinin fikrincə, ölkəmizdə küçə ticarətinin qanunvericilik əsaslarının nizama salınmasına böyük ehtiyac var.

Sonra İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qubad İbadoğlu "Küçə ticarətinə inzibati baryerlərin müəyyənləşdirilməsi" mövzusunda apardığı tədqiqatın nəticələrinə həsr olunmuş təqdimatla çıxış edib. Ekspert Azərbaycanda küçə ticarətinin əsasən insanların gur olduğu ərazilərdə geniş təşəkkül tapdığnı deyib. Əmək qabiliyyətli respublika əhalisinin əsasən Bakı şəhərində məskunlaşdığını və işlədiyini nəzərə alsaq, paytaxtın küçə və meydanlarında, səkilərdə, bazarların ətrafında, avtobus dayanacaqlarında, metro stansiyalarının giriş-çıxışlarında, məhəllələrdə küçə ticarətinə rast gəlmək mümkündür.

Küçə ticarətinin qeyri-formal iqtisadiyyatı genişləndirdiyini, vergidən, sosial ödənişlərdən yayınma hallarına, korrupsiyaya münbit şərait yaratdığını, mənşəyi bilinməyən, keyfiyyətsiz və müddəti keçmiş malların satışına imkan verdiyini deyən ekspertin fikrincə, bu ticarət növünün üstünlükləri də çoxdur, bunların içərisində ən əhəmiyyətlisi kiçik maliyyə ilə iş qurmaq və məşğulluq yaratmaq imkanın təqdim olunmasıdır.

Daha sonra ekspert bu sahədəki beynəlxalq təcrübədən danışıb, Yaponiya, Çexiya, İspaniya, Türkiyə, İtaliya, Rusiya və İsveç təcrübəsindən nümunələr gətirib.

Təqdimatın sonunda natiq apardığı araşdırmanın tapıntıları, əldə olunan nəticə və tövsiyələrlə toplantı iştirakçılarını tanış edib. Tənzimləyici qanunverici bazanın yaradılması, institusional əsasda səlahiyyətlər bölgüsünə yenidən baxılması, küçə ticarətinə patent-vergi sisteminin tətbiqi, küçə ticarəti ilə məşğul olan işçiləri əhatə edən ayıca sosial sığorta növünün tətbiq olunması, onların assosiasiyasının yaradılması və yeni assosiasiyanın Streetnet İnternasional təşkilatına üzv olması kimi təkliflər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Təqdimatdan sonra iştirakçılar çıxışçıya suallar ünvanlayıblar. Daha sonra tədqiqat ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Tədbirin gündəliyi

İştirakçıların siyahısı

Qubad İbadoğlunun təqdimatı

"Küçə ticarətində inzibati baryerlərin müəyyənləşdirilməsi" mövzusunda tədqiqat yazısı

Fotoqalereya

1 2 3 4