01.10.2014. Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİF) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında "Azərbaycanda françayzinq imkanlarından daha səmərəli istifadə yolları" mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi Masada hüquqşünaslar, ictimai birliklərin, konsaltinq şirkətlərinin, sahibkarlıq assosiasiyalarının təmsilçiləri və ekspertlər iştirak ediblər.
Tədbirin açılışında SBİİYF prezidenti Sabit Bağırov dəyirmi masanın iştirakçılarını salamladıqdan sonra dünyanın müxtəlif ölkələrində françayzinq ilə məşğul olan şirkətlərin sayı ilə bağlı statistic göstəriciləri açıqladı və müasir dünyada françayzinqin geniş yayıldığını bildirdi. Sonra Business Group Consulting şirkətinin prezidenti Elnur İslamov “Azərbaycanda françayzinq imkanlarından daha səmərəli istifadə yolları” mövzusunda məruzə ilə çıxış etdi.
Elnur İslamov françayzinq haqqında qısa məlumat verərək onun Azərbaycanda biznes üçün alternativ inkişaf modeli kimi əhəmiyyətini vurğulayıb. O bu sahədə beynəlxalq təcrübədən danışıb və bu fəaliyyətin biznes modeli kimi səmərəliliyini, həmçinin onun Azərbaycandakı perspektivlərini qeyd edib. O tədbir iştirakçılarına Azərbaycan Françayzinq Mərkəzi (AFM) haqqında da məlumat verib.
Sonra AFM hüquq məsələləri üzrə məsləhətçisi Rəşad Əliyev məruzəni davam etdirərək françayzinqin, Azərbaycan Mülki Məcəlləsinin françayz münasibətləri haqqında müddəalarının və françayzinq müqaviləsi müddəalarının hüquqi aspektləri haqqında məlumat verdi.
Məruzədən sonra çıxışçılar verilən sualları cavablandırıblar. Mövzu ətrafında diskussiyalar keçirilib.
Dəyirmi Masa SBİİYF prezidenti Sabit Bağırovun yekun nitqi ilə başa çatıb. O françayzinqin Azərbaycanda sahibkarlığın inkşafında perspektivlərindən danışıb. S. Bağırov qeyd edib ki, françayzinqlə bağlı xüsusi bələdçi hazırlanır və o tezliklə çap ediləcək.
Təqdimat: “Françayzing - alternativ biznes inkişaf modeli kimi". Müəllif: Elnur İslamov