05.11.2014. tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının toplantılar zalında “Örtülü torpaqlarda (istixanalarda) məhsul istehsalı ilə məşğul olan kiçik sahibkarların qarşılaşdıqları inzibati baryerlərin aşkara çıxarılması" mövzusunda dəyirmi masa keçirilib. Tədbirin təşkilatçıları Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) olmuşdur. Tədbir ABŞ Beynəlxalq İnkışaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil edilmişdir. Dəyirmi masada özəl sektorun nümayəndələri, hüquqşünaslar və ekspertlər iştirak edib.
Dəyirmi masa iştirakçılarını salamlayan SBİİYF prezidenti Sabit Bağırov layihə haqqında məlumat verib və qeyd edib ki, örtülü torpaqlarda (istixanalarda) mövcud vəziyyəti araşdıran İTM Ekspert qrupu biznes sahibləri üçün inzibati maneələri müəyyənləşdiriblər. Fondun prezidenti müzakirələrin tədqiqatın nəticələri, faktlar və tövsiyələr ətrafında aparılacağını qeyd edərək məruzə etmək üçün İTM Aqrar məsələlər Departamentinin müdiri Vahid Məhərrəmovu dəvət edib.
Vahid Məhərrəmov rəsmi statistika əsasında istixana şəraitində yetişdirilən tərəvəzin və bostan bitkilərinin inkişaf dinamikası haqqında məlumat verərək qeyd edib ki, bu biznesin inkişaf etdirilməsində Azərbaycanın böyük potensialı və münasib iqlimi olmasına baxmayaraq tərəvəz məhsullarının istehsalı və onların məhsuldarlığı digər ölkələrə nisbətən aşağıdır.
Bundan sonra tədqiqat qrupunun üzvü Qalib Toğrul istixanaların qeydiyyatı və tikinti fəaliyyəti ilə bağlı qanunvericilik tələbləri haqqında və həmçinin sahibkarların qaz, su və elektrik təminatı ilə bağlı texniki şərtlərin əldə edilməsi sahəsində üzləşdikləri çətinliklərdən danışıb. Çıxışının sonunda məruzəçi tədqiqatın nəticələri haqqında məlumat verərək öz tövsiyələrini açıqlayıb. O qeyd edib ki, bir çox örtülü torpaqlar (istixanalar) texniki tələblərə cavab vermədiyi üçün Vergilər Nazirliyində qeydə alınmırlar.
Daha sonra gündəliyə uyğun olaraq hər iki ekspert dəyirmi masa iştirakçılarının suallarına cavab veriblər. Müzakirələrdə özəl sektorun nümayəndələri istixanaların problemlərindən və bu sahədə görülməsi vacib olan işlərdən danışıblar. Hollandiyalı biznesmen Leonardus Suigers istixana biznesi sahəsində Hollandiyanın təcrübəsindən və bu biznes sahəsinə müasir texnologiyanın tətbiq edilməsinin müsbət nəticələrindən danışıb.
Təqdimat: "Örtülü torpaqlarda (istixanalarda) məhsul istehsalının mövcud vəziyyəti: ənənələr, imkanlar və üstünlüklər". Müəllif: Vahid Məhərrəmov
Təqdimat: "İstixanaların təşkili və fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri: tapıntı və tövsiyələr". Müəllif: Qalib Toğrul