Azərbaycan Respublikası ərazisində 1000 (bir min) kiçik sahibkarlıq subyekti arasında keçirilmiş üzbəüz sorğunun nəticələrinin təqdimatına həsr edilmiş" dəyirmi masa
25 oktyabr 2016-cı il tarixində Holiday Inn Otelinin konfrans zalında "Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək" layihəsi çərçivəsində Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Respublikası ərazisində 1000 (bir min) kiçik sahibkarlıq subyekti arasında keçirilmiş üzbəüz sorğunun nəticələrinin təqdimatına həsr edilmiş" dəyirmi masa keçirilmişdir.
Dəyirmi masada müxtəlif sahibkarlar, ictimai birliklərin nümayəndələri və ekspertlər iştirak etmişdir. Dəyirmi Masanı giriş nitqi ilə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov açdı. Sonra, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin direktoru İlkin Qarayev 1000 kiçik sahibkarlıq subyekti arasında keçirilmiş üzbəüz sorğunun nəticələrini dəyirmi masa iştirakçılarına təqdim etdi. İlkin Qarayev bildirdi ki, sorğuda Bakı şəhərindən, Abşeron rayonundan, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ, Dağlıq Şirvan regionlarından 1000 kiçik sahibkarlıq subyekti iştirak etmişdir.
Sorğuda iştirak etmiş respondentlərin 9,4%-ni hüquqi şəxs, 90,6%-ni isə fiziki şəxslər təşkil etmişdir. Sahibkarlıq subyektlərinin sahələr üzrə bölgüsünə əsasən sorğuda iştirak edən respondentlərin 30%-i ticarət, 30%-i xidmət, 20%-i istehsal, 20%-i kənd təsərrüfatı sahələrinin təmsilçiləri olmuşlar.
Sorğuda sahibkarlara biznesin mövcud vəziyyəti, yoxlamalar, lisenziya alınması, daşınmaz əmlakın qeydiyyatı, Sahibkarlığa Kömək Milli Fondu, vergi sistemi, gömrük prosedurları, fəaliyyətin dayandırılması, tikinti işləri üçün alınmalı olan icazələr, qanunvericilik haqqında məlumatlılıq, özəl biznesin inkişaf etdirilməsi , Ümumdünya Ticarət Təşkilatı, demoqrafiya ilə bağlı suallar təqdim edilmişdir və respondentlər bu sualları bu sualları cavablandırmışlar.
Sorğu nəticəsində məlum olmuşdur ki, sorğuda iştirak edən sahibkarların yalnız 20,4%-i indiyə qədər lisenziya almışdır. Onların 80,9 %-i, başqa sözlə 165 respondent lisenziya almağın çətin olduğunu bildirmişlər. Əsas çətinliklər kimi sahibkarlar lisenziya verən müvafiq dövlət qurumunda süründürməçilik, lisenziya almaq üçün müxtəlif dövlət qurumlarından arayış xarakterli sənədlərin toplanması və lisenziyanın fəaliyyət müddətinin qısa olmasını qeyd etmişlər.
Vergilərin elektron ödənişi imkanından istifadə etməməyinizin səbəbi nədir sualına respondentlərin 56,4%-i vergiləri ənənəvi yolla ödəmək daha asandır cavabını vermişdir. Fikrinizcə, vergi sistemində nəyi dəyişmək lazımdır sualına isə respondentlərin 66,4%-i vergilərin sayı azaldılmalı deyə cavab vermişdir. Sorğuda iştirak etmiş sahibkarların 10,8%-i, yəni 108 respondent xarici ticarət əməliyyatları ilə hazırda məşğul olduğunu bildirmişdir. Sahibkarların 4,8%-i, yəni cəmi 48 sahibkar isə keçmişdə şirkət bağlamalı olduğunu bildirmişdir.
Dəyirmi masa sual - cavab və sorğu nəticələrinin müzakirəsi və edilən şərhlərdən sonra yekunlaşdı.
Təqdimat: 1000 kiçik sahibkarlıq subyekti arasında keçirilmiş ikinci sorğunun nəticələri (İlkin Qarayev - Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzinin direktoru)